Azərbaycana 170 ölkədən 848 min turist gəlib

  18 May 2019    Oxunub : 1659
 Azərbaycana 170 ölkədən 848 min turist gəlib
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min və ya 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib. Qeyd olunub ki, gələnlərin 27,3 faizi Rusiya Federasiyası, 26,8 faizi Gürcüstan, 11,1 faizi Türkiyə, 8,0 faizi İran, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan, 1,4 faizi Pakistan, 1,3 faizi İraq, 16,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olubr. Gələnlərin 69,5 faizini kişilər, 30,5 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-aprel aylarında gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-aprel aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 34,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 27,5 faiz azalaraq 142,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,0 faiz azalaraq 282,0 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 61,1 faizi dəmir yolu və avtomobil, 38,1 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.


Azvision.az

Teqlər: Turist