Putin Papayla görüşə israr edir

Putin Papayla görüşə israr edir
  25 Noyabr 2013    Oxunub:1284
Noyabrın 25-də İtaliyaya rəsmi səfərə gedən Rusiya lideri Roma Papası ilə tarixi görüş keçirəcək.

AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 25-də Vatikana ilk rəsmi səfərini edəcək. BBC-nin məlumatına görə, bu səfər 1961-ci ildə SSRİ rəhbəri Nikita Xruşşovun Papa 23-cü Ciovaniyə yolladığı təbrik məktubundan sonra Moskva və Vatikan arasında ilk yüksək səviyyəli təmas olacaq.

Maraqlıdır ki, Vatikanı ziyarət və Papa ilə görüş müraciəti Putindən gəlib. BBC-nin xəbərində deyilir ki, İtaliya mediası 25-26 noyabr tarixlərində İtaliyaya rəsmi səfərə gedəcək Putin səfər çərçivəsində Roma Papası ilə görüşmək istəyini bildirib. Yerli medianın yazdığına görə Papa ilə görüşə israr etməsinin əsas səbəbləri sırasında Suriya münaqişəsində iştirakı ilə Yaxın Şərqdə önəmli oyunçu olduğunu nümayiş etdirən Putinin həm də regionda xristianların hamisi roluna iddialı olması, eləcə də Rusiya Patriarxlığı ilə Roma katolik kilsəsi arasında buzları əritmək cəhdidir.

Bu ilin yayında Papa Fransisk Rusiyada keçirilən G20 sammitindən əvvəl Putinə məktub yazaraq Suriyaya hərbi müdaxilədən qaçınılmasını və sülh siyasətinin yürüdülməsini istəmişdi. Beynəlxalq medianın qənaətinə görə, Vatikana səfər edəcək Putin Papa ilə birlikdə Suriya münaqişəsi ilə bağlı birgə müraciət edə və bununla da qlobal oyunçu imicini daha da möhkəmlədə bilər. Eyni zamanda artıq Roma Papası ilə Rusiya Pravoslav kilsəsinin patriarxı Kirill arasında neytral ölkədə görüş keçirilə biləcəyi haqda xəbərlər də yayılır.


Teqlər:  





Xəbər lenti