Zəhərli informasiya fəvvarələri meydanı – VİDEOKÖŞƏ

   Zəhərli informasiya fəvvarələri meydanı –    VİDEOKÖŞƏ
  23 May 2019    Oxunub:6530
Bu həftə baş verən iki hadisə göstərdi ki, bizim informasiya təhlükəsizliyimizdə hansı boşluqlar və zəif yerlər var. Birinci hadisə guya Çempionlar Liqasının final oyunu zamanı vətəndaşların şəhərin mərkəzinə buraxılmayacağına dair dezinformasiyanın necə sürətlə yayılması və insanların ona hansı reaksiyanı vermələri idi.


Qəribədir ki, bu beşqat absurd xəbərə heç kim sağlam məntiqlə yanaşmadı, daha doğrusu və ən dəhşətlisi, yanaşmaq istəmədi. Yanaşsaydı, onun dezinformasiya, yaxud, Trampın sevimli ifadəsilə desək, “feyk nyus” olmasını çox asanlıqla görəcəkdi. Futbol şəhərin mərkəzində oynanılacaq bəyəm? “Aresenal” və “Çelsi”nin oyunçuları fəvvarələr meydanında məhəllə futbolumu oynamağa gəliblər?! Vətəndaşlar niyə ora buraxılmasın ki?!

Sosial şəbəkədə məsələ ilə bağlı status yazanların – onlar isə həddindən artıq çox idilər,- heç biri xəbərə bu aspektdən yanaşmamışdı. Xoşbəxtlikdən, bu dəfə ciddi media və Bakı Şəhərinin İcra Hakimiyyəti çevik işlədilər. Yoxsa, əvvəlki hadisələrdə olduğu kimi, dezinformasiya daha 2 gün sosial şəbəkədə yayılmaqda davam etsə, yaranacaq vəziyyəti təsəvvür eləmək belə, dəhşətlidir.

Bu, ona görə belə olur ki, insanlar öz hökumətlərinin əleyhinə olan hətta yalan xəbərlərə də həvəslə inanırlar, yayırlar, münasibət bildirirlər. Müsbət xəbərləri paylaşmağa isə böyük xəsislik göstərirlər. İnformasiya təhlükəsizliyi baxımından ciddi problemdir. Bu problemin səbəblərini araşdırıb, aradan qaldırmaq lazımdır, çünki vəziyyət belə qaldıqca, Azərbaycanda ictimai fikir kənar manipulyasiyalar üçün açıq bir meydan olacaq.

İkinci hadisə xarici informasiya məkanında böyük təlatüm yaradan Mxitaryan məsələsi idi. Burada əsas diqqət yetirilməli olan məqam o idi ki, axı erməni əsilli futbolçuya heç kim “gözün üstü qaşın var” deməyib, Bakıda onu qətiyyən heç bir təhükə gözləmir. Bakı neçə-neçə erməni idmançını qarşılayıb, yola salmış müasir bir meqapolisdir. Yəni “Mxitaryan məsələsi” adlı problemin yaranması üçün ortada heç nə yox idi. Ümimiyyətlə, yerli-dibli heç nə! Amma gördüyünüz kimi, heç nədən nə boyda hay-küy yaratdılar! Lap Şekspirin eyniadlı əsəri kimi.

Heç bir məsələdə zərrə qədər də suçu olmayan Azərbaycan bir həftədən çox müddət ərzində şiddətli informasiya hücumlarına məruz qaldı. Səbəbsiz. Sadəcə, Azərbaycan olduğu üçün. Onun üçün ki, Bakıda keçirilən final görüşü Azərbaycana şöhrət, hörmət gətirməsin, əksinə, ölkənin adının pis mənada hallanmasına səbəb olsun. Zəhmətimiz öz əleyhimizə çevrilsin. Və bunun üçün lazım olan addımları hələ də atmaqda davam edirlər.

Bu iki hadisədən lazım olan dərsləri çıxarmaq vacibdir ki, informasiya savaşında düşmən nə edir, biz nə edirik. Maraqldır, görəsən, “Torqovı” ilə bağlı yalan xəbəri eşidən kimi həmin saniyə, xəbərin canına yel dəyməmiş, barmaqlarına tüpürüb, hökumətin əleyhinə status yazanlar Mxitaryan məsələsində haqsız yerə daşa basılan günahsız Azərbaycanın xeyrinə bircə tvit atdılarmı, bircə paylaşıma ehtiyac bildirdilərmi?
Mən görmədim.

Vüsal Məmmədov
Azvision.az



Teqlər:





Xəbər lenti