Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
Ekspozisiyada 300-dək eksponat nümayiş olunacaq. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim fars incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər təqdim ediləcək.
Sərgidə Qacarlar epoxasına aid qədim fars incəsənəti əksəriyyəti Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalarla təqdim olunacaq. Təsvirin gücünü yaxşı bilən Fətəli şah nüfuzunu və nailiyyətlərini nümayiş etdirmək üçün memarlıq, rəsm və dekorativ sənətdən geniş istifadə edirdi. Sərgidə Fətəli şahın özünün portreti də yer alacaq.
Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin yağlı boya ilə işlənmiş altı əsəri sərgilənəcək. Mirzə Qədim İrəvani tikmə üçün olan trafaret rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınır. XIX əsrin ortalarında İrəvan xanlığının Sərdar sarayının salamat qalmış orijinal əsərlərini, həmin saray kompleksinin məscid və sarayının dekorunda işlədilən plitələri yenidən boyamış şəxs məhz o olub.
İrəvan xanlığının Sərdar sarayının arxeoloji qalıqları arasında Cənubi Qafqazın müxtəlif quberniyalarında yaşayan Azərbaycan xalqına məxsus ənənəvi kostyum və əşyalar, eləcə də mebel nümunələri, vazalar və digər gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim olunacaq. Bu eskponatlarla tanışlıq o dövrün həyat və məişət mənzərəsini daha aydın təsəvvür etməyə imkan verəcək, sarayın memarlıq üslubunu nümayiş etdirəcək.
Sərgidə hərbi topoqraf kimi çalışan, sonra isə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş D.Yermakovun fotoşəkillərindən ibarət kolleksiya da təqdim olunacaq. Müharibədən sonra Yermakov Tiflisdə foto işi ilə məşğul olub, Qafqaz bölgəsində səyahətlər edib və bir sıra arxeoloji ekspedisiyalarda fəaliyyət göstərib. İrəvanın Sərdar məscidinin, divarlarında İran şahının, vəliəhdin, Qacar ailəsinin yerli hökmdarları və “Şahnamə” qəhrəmanlarının təsviri olan İrəvan xanlığı sarayı, onun Güzgülü zalındakı tarixi, yağlı boyalarla işlənmiş əsərlərin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən unikal fotoşəkillər silsiləsini yaradıb.
Sərgi oktyabrın 6-dək davam edəcək.
Azvision.az
Teqlər: NadirŞah HeydərƏliyevMərkəzi Sərgi