Məscidin imamı MTN-də ifadə Verdi

Məscidin imamı MTN-də ifadə Verdi
  26 Noyabr 2013    Oxunub:1697
Bakıdakı Məşhədi Dadaş məscidinin imamı Şahin Həsənov noyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunub.
AzVision.az xəbər verir ki, “Media forum”a danışan Şahin Həsənov bildirib ki, nazirlikdə izahat verib.

Milli Təhlükəsizlik Nazirliyi insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan vətəndaşları Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlunu həbs edib. Rəsmi məlumatda bildirilir ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə şiə təriqətinə mənsub şəxslərin həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Onlar şiə təriqətinə mənsub şəxslərin kütləvi toplaşdığı məkanlardan biri olan Məşhədi Dadaş məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar.

Şahin Həsənov bu gün MTN-də izahat verərək qeyd edib ki, tutulan şəxslərlə heç bir tanışlığı və ünsiyyəti olmayıb.

İmam baş vermiş hadisəni belə qiymətləndirib: “Bu, radikal cərəyanların xüsusiyyətidir, məzhəblər arasında qarşıdurma yaratmaq üçün bu cür çağırışlar edirlər, destruktiv əməllər törədirlər. Bu da onun növbəti təzahürüdür. Əslində onların məzhəbi yoxdur. Onlar təkbirçi qruplardır. Özlərindən başqa bütün insanları kafir, dinsiz hesab edirlər və onlara qarşı cihadı da müqəddəs bir vəzifə sayırlar”.

Şahin Həsənov bildirib ki, təhlükəsizliyindən narahat deyil: “Heç bir təhlükə hiss etmirəm. Müvafiq qurumlar da yəqin ki, bu təhlükəsizliyi təmin etməklə məşğuldurlar”.


Teqlər:





Xəbər lenti