Yeni nazir BMT nümayəndələri ilə görüşdü

Yeni nazir BMT nümayəndələri ilə görüşdü
  26 Noyabr 2013    Oxunub:1276
BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Brukla görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə S.Müslümov ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlarda BMT-nin İnkişaf Proqramı ilə həyata keçirilən əməkdaşlığın önəmini diqqətə çatdırıb. Xüsusən innovasiyanın və məşğulluğun inkişafı sahələrində birgə icra olunan layihənin uğurlu nəticələrindən söz açılıb. Qeyd olunub ki, “Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı” layihəsi çərçivəsində Bakıda və Sumqayıtda yaradılan SYSLAB mərkəzləri iş axtarışı bacarıqlarının inkişafına, iş axtaranların əmək bazarına inteqrasiyasına öz töhfəsini verir və yaxın vaxtlarda Gəncə şəhərində də belə bir mərkəzin açılacağı gözlənilir.

Antonius Bruk ötən dövrdə əldə olunmuş müsbət əməkdaşlıq təcrübəsinin əmək bazarının tədqiqi üzrə institusional potensialın gücləndirilməsi, qeyri-neft sektoru üzrə müasir bilik və bacarıqlara malik işçi qüvvəsinin hazırlanması, sosial xidmət sahələri üzrə avtomatlaşdırma işlərinin aparılması, növbəti dövr üçün yeni milli məşğulluq strategiyasının hazırlanması və s. istiqamətlərdə davam etdirilməsi barədə təkliflərini diqqətə çatdırıb.

Səlim Müslümov qeyd olunan sahələrlə yanaşı, ilk növbədə ünvanlı dövlət sosial yardımı və əlilliyin müəyyən olunması sistemlərində məmur-vətəndaş əlaqələrinin aradan qaldırılması və şəffaflığın təmin edilməsinin prioritet vəzifə olduğunu demişdir. Nazir bildirmişdir ki, bunun üçün ayrı-ayrı ölkələrin təcrübəsi əsasında həmin sahələrdə avtomatlaşdırmanın tətbiqi, ilk növbədə isə müvafiq qanunvericilik bazasının avtomatlaşdırma işlərinə uyğunlaşdırılması tələb olunur və İnkişaf Proqramının gələcəkdə bu sahədə dəstəyi daha bir uğurlu əməkdaşlıq nümunəsinə çevrilə bilər.

Görüşdə qeyd olunan sahələrdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti