Hyustonun azərbaycanlı Bəxtiyarı…

 Hyustonun azərbaycanlı Bəxtiyarı…
  04 İyun 2019    Oxunub:13271
Mərhum Rəşid Behbudovun çəkildiyi “Bəxtiyar” filminə yəqin ki, hamınız tamaşa etmisiniz. Həmin filmdəki Bəxtiyar 200-300 metr dərinlikdən neft çıxarırdısa, haqqında söhbət açamq istədiyim Bəxtiyar Səlimovun çalışdığı şirkətin işçiləri isə 2000-3000 metrlikdən neft hasil edə bilirlər. Bu Bəxtiyar, o Bəxtiyar kimi oxumağı bacarmasa da, fəqət on yaşından on yeddi yaşına qədər üzgüçülüklə, on altı yaşından on doqquz yaşınadək idmanın cüdo növü ilə məşğul olub.
İyirmi dörd yaşından şeir yazır. Atıcılıqla məşğul olmağı xoşlayır. Karandaşla qrafik rəsmlər çəkməkdən zövq alır. Bütün bunlar azmış kimi, hətta Azərbaycan mətbəxinin təamlarını evdə bəzən özü hazırlayır.

Ata babası Babaəli Səlimov iyirmi beş il Bakının keçmiş Əzizbəyov rayonunun prokuroru olub. Ana babası Əbdül Ələsgərov Daxili İşlər Nazirliyinin istintaq idarəsində prokuror işləyib. Atası Rafiq Səlimov uzun illər məsul vəzifələrdə çalışıb. Mərhum anası İradə xanım isə ingilis dili müəllimi olub.

Qarabağın işğaldan tezliklə azad edilməsi onun da ən böyük arzusudur. Ehtiyac olarsa, əlinə silah alıb döyüşməyə hazır olduğunu söyləyir. Qorxmazdır, hətta Karib dənizində akulalara yem verib. Üstəlik təyyarədən paraşütlə də tullanıb. Avropanın əksər ölkələrinə, Afrikanın bəzi bölgələrinə, ABŞ-ın bir sıra ştatlarına səyahət edib.

Deyir ki,- “Amerikaya gəlmək, burada özünü təsdiq edib vətənə dönmək, Azərbaycan iqtisadiyyatına fayda vermək uşaqlıq arzum olub. Necə deyərlər, mən ABŞ-a arzuların qanadında gəlmişəm”.



Bəxtiyar Səlimov 1984-cü ildə Bakıda dünyaya gəlib. Bir il ABŞ-ın Massaçusets ştatının Boston şəhərində oxuduqdan sonra tam orta təhsilini 2000-ci ildə, on altı yaşın içində olarkən, 134 nömrəli məktəbdə başa vurub. 2000-2004-cü illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakültəsində bakalavr, 2004-2006-cı illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin idarə olunması fakültəsində magistr dərəcələrinə yiyələnib. Eyni zamanda, 2004-cü ildən 2006-cı ilədək tikinti şirkətlərinin birində satış üzrə menecer, 2007-2008-ci illərdə “Reality Caspian” şirkətində təhcizat şöbəsinin mütəxəsisi vəzifələrində çalışıb. 2008-ci ildən ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayır.

Ömür-gün yoldaşı Zəkiyə xanım Dilbazi ixtisasca mühasibdir. BP-nin Hyustondakı idarəsində maliyyəçi işləyir. İki övladı vardır. Böyük qızı Səlimə 10, ikinci qızı Mədinə isə 5 yaşındadırlar.

O, Hyustona gələndən sonra ingilis dilini təkmiləşdirmək üçün dil kurslarına gedib. 2009-cu ildə neftin daşınması şirkətində işə başlayaraq, 2011-ci ilədək orada qrup rəhbəri vəzifəsinədək yüksələ bilib. 2011-2013-cü illərdə Cənubi Kolumbiya Universitetində menecer və marketinq üzrə mütəxəsis ixtisana yiyələnib (MBA). Həm də 2011-ci ildən “Schlumberger” neft şirkətində çalışır. Hazırda material-texniki təhcizat qrupunun rəhbəridir.

Söyləyir ki,- “Deyilənlərə görə prokuror babama çox oxşayıram. Bir dəfə Bakı kəndlərindən birinə, dostumun yanına getmişdim. Dostumun qohumu, yaşlı bir kişi bizə yaxınlaşıb mənim Babaəli Səlimovun nəvəsi olub-olmadığımı soruşdu. Təsdiq edəndən sonra dönüb dostumun atasına, filankəsi o vaxt bunun babası tutmuşdu, söylədi. Bir az duruxdum, özümü toplayıb, nə üstündə tutulduğunu soruşdum. Deyəndə ki, adam öldürmüşdü ürəyim yerinə gəldi”.

Bəli, yumor hissi güclü olduğundan zarafat etməyi xoşlayır. Ciddi göründüyü qədər də mehriban, sadə insandır. Yüksək mədəniyyəti, davranışı, işgüzarlığı, dürüstlüyü ilə amerikalıların rəğbətini qazana bilib. Hyustonda Azərbaycan cəmiyyətlərinin tədbirlərində tez-tez iştirak edir. Amerikada yaşasam da ürəyim Azərbaycanladır, vətənimlə bağlı hər nə varsa mənə doğmadır, söyləyir.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Bəxtiyar  





Xəbər lenti