Dünyaya yenidən gəldiyimiz Gün – VİDEOTƏHLİL
Amma əvəzində ikinci mərhələ tam şəkildə bizim öz günahımız idi. Heç kim bilmirdi ki, əlimizə düşən müstəqilliklə nə etmək, necə davranmaq lazımdır, buna görə də özümüzü məhv edirdik. O qədər “uğurla” məhv edirdik ki, cəmisi il yarıma müstəqil Azərbaycan artıq ölüm yatağına düşmüş xəstəyə oxşayırdı. Formal müstəqillik ölkənin məhvinə səbəb olmaq üzrə idi. Və əgər üçüncü mərhələ olmasa idi, yəqin ki, ikinci Respublikanın taleyi birincidən daha acınacaqlı olacaqdı. Niyə?
O sadə səbəbə görə ki, Birinci Cümhuriyyət quralanda Qərbdəki torpaqlarımızı ermənilərə versək də, hər halda, Azərbaycan sonradan rəsmiləşən və indi də qüvvədə olan sərhədlərilə SSRİ-nin tərkibinə bütöv daxil edilmişdi. Bu, onun ən azından bir siyasi-coğrafi anlayış kimi bütöv qalmasını, ikinci Müstəqilliyə qovuşana qədər varlığını qoruya bilməsini təmin etmişdi.
İkinci Cümhuriyyətin taleyi belə olmayacaqdı. Əgər 91-ci ildə qazandığımız formal müstəqilliyin itirilməsi reallaşsa, ölkə güman ki, azı 3-4 yerə parçalanacaq, “Azərbaycan” adını daşıyan heç nə qalmayacaqdı. Bu, həqiqi son demək olacaqdı; bir dəfə qalxan bayraq bu dəfə həmişəlik enəcək, nə vaxtsa 3-cü Respublikanın qurulmaq şansı da tanınmayacaqdı.
Dəhşətlidirmi? Bəli. Amma reallıqdır. 91-ci ildə əlimizə düşmüş, yaxud, başımıza gəlmiş formal müstəqillik bizi bu dəhşətli reallıqla üz-üzə qoymuşdu. “Müstəqil olaq” demək asan, amma müstəqil yaşamaq həddindən artıq çətin imiş və biz bu dərsi öz üzərimizdə yolverilməz təcrübələr apararaq, öyrənirdik.
Bütün bu dəhşətli, qan donduran, tük ürpədən ssenari ona görə reallaşmadı ki, müstəqillik prosesinin sonuncu – üçüncü hissəsi də baş verdi. Amma əvvəlcə gəlin, əvvəlki iki mərhələyə ad qoyaq.
Birinci mərhələ - Formal müstəqilliyin ələ düşməsi;
İkinci mərhələ - Müstəqil olmaqdan müstəqil ölməyə gedən yol idisə;
Üçüncü mərhələ - Qurtuluş, yaxud, formal müstəqilliyin real müstəqilliyə çevrilməsi idi.
Məhz üçüncü mərhələdə biz formal müstəqilliyin doğurduğu ölüm ssenarisindən qurtulduq və real müstəqilliyə keçə bildik. “Qurtuluş” dediyimiz hadisə bax, bu keçid idi.
Onu daha yaxşı anlamaq üçün formal və real müstəqilliklərin fərqini bilmək lazımdır. Formal müstəqillik odur ki, səni taleyin idarə edir, real müstəqillikdə sən taleyini idarə edirsən. İyunun 15-də baş verən hadisə ilə Azərbaycan bu iki halın birindən o birinə keçid etdi. Bununla da qurtuldu. Nədən?! Cümhuriyyətin ikinci dəfə və əbədi məhv olmaq perspektivindən. Öz taleyinə sahib ola bilməmək tarixi sindromundan və formal müstəqilliyin gətirdiyi digər bəlalardan.
Zəngin dövlətçilik tarixi olan qoca Azərbaycan dəfələrlə bir haldan digərinə, bir mərhələdən başqasına adlayıb. Amma bu xalqın və onun dövlətçiliyinin tarixində 1993-cü ilin 15 iyunu qədər həlledici, vacib ikinci bir keçid olmamışdı. Həmin gün biz Yoxluqdan Varlığa keçdik.
Azərbaycanda dövlətçilik tarixlərilə bağlı bir neçə əlamətdar gün, bayram var. Amma əgər dövlətin taleyində oynadığı real missiya baxımından dəyərləndirəsi olsaq, Qurtuluş Günü qədər ikinci böyük bayramımız yoxdur. Həmin gün biz xalq və dövlət olaraq, dünyaya yenidən gəlmişik. Yenidən doğuluşumuz mübarək olsun!
Vüsal Məmmədov
Azvision.az
Teqlər: Qurtuluş-günü