Vitse-spiker: “Qadın deputatlar fəaldırlar”

     Vitse-spiker:    “Qadın deputatlar fəaldırlar”
  14 İyun 2019    Oxunub:5725
Azərbaycan Milli Məclisində “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilir.
Azvision.az xəbər verir ki, konfransda Milli Məclisin sədr müavini Bahar Muradova, Türkdili Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Altınbek Mamayusupov, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Qazaxıstan, Qırğızıstan və Türkiyə milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edirlər.

Parlamentinin sədr müavini Bahar Muradova çıxış edərək deyib ki, Azərbaycan bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi edib. O qeyd edib ki, “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfras müzakirələrin aparılması baxımından önəmlidir.

Vitse-spikerin sözlərinə görə, dövlətlər bir sıra problemlərin aradan qaldırılması üçün əməkdaşlıq etməli, qüvvələr birləşdirilməlidir:

"Bu prosesdən kimsə kənarda qalmamalıdır, qadınların rolunu xüsusi artırmalıyıq. Belə olanda dayanıqlı inkişafa nail ola bilərik. Hesab edirəm ki, beynəlxalq səviyyədə qadınların rolunun artırılması, gender bərabərsizliyinin aradan qaldırılmasında çatışmazlıq var. Yəni qadınların problemləri ilə bağlı sadəcə danışmaq lazım deyil, müəyyən mənada dəstək verilməlidir. Dünyanın taleyi ilə bağlı məsuliyyəti qadınlarla da bölüşmək lazımdır. Azərbaycanda qadınların əməyinə dövlət səviyyəsində dəstək verilir. Qanunverici, icraedici orqanlarda qadınlar fəallığı ilə seçilir. Milli Məclisin qadın deputatları bir sıra beynəlxalq təşkilatların üzvləridir, onlar fəallıq göstərirlər, işlərinin öhdəsindən layiqincə gəlirlər”.

B.Muradova xatırladıb ki, Azərbaycan qanunvericiliyində gender bərabərsizliyinin aradan qaldırılması ilə bağlı müddəalar yer alıb: “Hesab edirəm ki, Azərbaycanda bununla bağlı nəticələr ürəkaçandır. Qadınlar ölkəmizin inkişafında xüsusi rol oynayırlar”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bahar-Muradova  





Xəbər lenti