“Çernobıl” serialındakı Mikki Maus nə idi Azərbaycan müxalifətilə hansı əlaqəsi var?! - VİDEOTƏHLİL

   “Çernobıl” serialındakı    Mikki Maus nə idi    və   Azərbaycan müxalifətilə    hansı əlaqəsi var?! - VİDEOTƏHLİL
  19 İyun 2019    Oxunub:16201
HBO kanalının “Çernobıl” mini-serialı həqiqətən də dünya kino və televiziya sənayesində böyük hadisə sayıla bilər. “Çernobıl” reytinqinə görə İMDB kino portalında artıq HBO-nun digər meqaproyekti olan “Taxt oyunları”nı da keçib və bu uğur təsadüfi deyil.


Hər iki şounun uğur resepti serial formatını blokbaster maliyyəsi ilə birləşdirmək üzərində qurulub. Amma “Taxt oyunları”nın əsas gücü gözlənilməz ssenari gedişlərində, süjetdəki qəfil dönüşlərdə idisə, “Çernobıl”da bu prinsipi tətbiq etmək olmazdı. Çünki Çernobıl hadisəsinin necə baş verməsi haqda saysız-hesabsız məqalələr, kitablar, sənədli filmlər var. Hər şey saniyəsinə qədər yazılıb, araşdırılıb, hamı hər şeyi bilir. Elə isə, serialı yaradanların qarşısında duran əsas sual bu idi: Hər bir detalı bilinən hadisə haqqında çəkilən filmi, saspens və triller elementlərindən məhrum süjeti necə maraqlı, dramatik, baxımlı eləmək olar?!

Şounun prodüserləri suala düzgün cavab tapa biliblər: Art-Haus metodlarını tətbiq etməklə. Səhv etmirəmsə, bu, art-haus elementlərilə zəngin ilk serialdır. Sizi bilmirəm, mən “Çernobıl”a baxdıqca arada Tarkovskinin “Stalker” filmi də yadıma düşürdü... Əlbəttə ki, müasir tamaşaçının hövsələsini basıb, “Stalker”ə baxması praktik olaraq mümkün deyil, amma xoşbəxtlikdən, “Çernobıl” həmin ruhu çağdaş kino dinamikası ilə sintez edə bilib.



Serialın ayrı-ayrı məqamları, oradakı rejissor tapıntıları haqqında həddindən çox danışmaq olar. Mən feysbuk profilimdə bu haqda bir neçə status yazmışam, maraqlananlar oxuya bilərlər. İndi isə diqqəti başqa bir maraqlı, amma nədənsə, haqqında heç danışılmayan bir məqama yönəltmək istəyirəm.

Filmin son seriyasında belə bir epizod var: Çernobılda, məhkəmənin həyətində Leqasov ilə Şerbina görüşərkən, kənarda bir Mikki-Maus dayanıb. Bəli, Mikki-Maus.
Niyə?




Bunu serialın yaradıcı heyətinin səhvi kimi qələmə vermək mümkün deyil. Belə bir şey ola bilməz ki, SSRİ reallığının ən xırda detallarına qədər dəqiqliklə bərpa olunduğu, heç nəyin gözdən qaçırılmadığı filmdə o boyda Mikki-Maus səhvən divara söykədilmiş olsun. İstisnadır.

Filmin yaradıcıları məsələyə belə izah veriblər ki, həmin vaxt SSRİ-də Mikki-Maus ola bilərdi. Yaxşı da, cənablar... Mən uşaqlığı SSRİ-də keçmiş, oktyabrat nişanı və pioner qalstuku taxmış adamam, buna baxmayaraq, etiraf edirəm ki, “Çernobıl” serialının şourannerləri həmin dövrün sovet rellığını məndən yaxşı bilirlər. 86-cı ildə SSRİ-də Mikki Maus nə gəzirdi?!

Sizə maraqlı bir şey deyim: 1984-cü ildə SSRİ-də “Nu, poqodi” adlı oyun buraxılmışdı. Onu oynamaq kompüter-filan görməmiş biz sovet uşaqlarının ən böyük arzularından biri idi. Baxın, həmin “Nu, poqodi” əslində “Disney” və “Nintendo” şirkətlərinin birlikdə istehsal etdikləri “Mickey Mouse” oyununun kopyası idi. Sadəcə, sovet uşaqları burjua siçanını görməsinlər deyə, onu sovet canavarı ilə əvəzləmişdilər.


89-cu ildə, artıq “yenidənqurma”nın SSRİ-ni çökdürmək üzrə olduğu ərəfədə “Disney” şirkətinin nümayəndələri Moskavaya gəlmiş, danışıqlar aparmışdılar. Bundan sonra bəzi Disney multfilmlərinin SSRİ-də göstərilməsinə icazə verildi. “Çernobıl” faciəsinin baş verdiyi 86-cı ildə isə siz SSRİ-də rahatca divara söykənib dayanmış Mikki Maus görə bilməzdiniz. Özü də uşaq bağçasında, parkda yox, harada-harada, sovet məhkəməsinin həyətində! Sadəcə olaraq, absurddur. Elə isə serialın yaradıcıları bu absurdu bilə-bilə, o Mikkini orada niyə qoyublar?



Maraqlıdır ki, mən internetdə həm rus, həm ingilis dillərində nə qədər axtarsam da, bu suala cavab tapa bilmədim. Ona görə də, öz versiyamı səslədirirəm.

“Çernobıl” serialının siyasi mesajı sovet sisteminin daxildən necə və niyə çürüdüyünü göstərməkdir. Filmə baxdıqca “Çernobıl hadisəsi niyə baş vermişdi” sualının cavabı özü tədricən tapılır və finalda konkretləşərək, nöqtəsi qoyulur: Sovet sistemi çürüyüb, bu sistem yaşaya bilməz.

Həmin dövrün ABŞ prezidenti Ronald Reyqan hakimiyyətinin ilk illərində SSRİ-yə “Şər imperiyası” deyirdi. Lakin sonradan, xüsusilə də SSRİ-nin artıq getdikcə zəiflədiyi bəlli olandan sonra bu zəhmli adı başqa bir qeyri-ciddi, gülünc ləqəblə əvəzləmək zərurəti meydana çıxır. 86-87-ci illərdən başlayaraq, Reyqan SSRİ-dəki siyasi quruluşu “Mikki-Maus sistemi” adlandırmağa başlayır.



Gördüyünüz bu sətirlər həmin dövrün “National İnterest” jurnalındandır. Jurnal yazır: Reyqana görə, Sovet İttifaqı dünya ağalığına iddialı olan mürtəce, skeleroz aparatçiklər (söz elə belə də işlədilirdi - apparatchiks) tərəfindən yönəldilir, lakin onun Mikki Maus sistemilə idarə olunan iqtisadiyyatı məhvin astanasındadır ki, Amerika da bunu tezləşdirmək istəyir.

Qorbaçovla görüşü ərəfəsində Reyqan onu sorğu-suala tutan respublikaçı senatorların lideri Hovard Beyker və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Çarlz Persiyə cavabında belə bir məşhur ifadə işlətmişdi: “If they want to keep their Mickey Mouse system, that's OK with me”. Yəni: “Əgər onlar öz Mikki Maus sistemlərini qoruyub saxlamaq istəyirlərsə, mənim üçün lap yaxşı”.
Bu sitatı Ağ Evin rəsmi sənədlərinin onlayn arxivində də asanlıqla tapmaq olar.



Beləliklə, Mikki Maus – 80-ci illərin ikinci yarısında SSRİ-nin çöküşünü, sovet sistemin daxildən çürüdüyünü, üzdə dünya üçün təhlükəli görünsə də, əslində yalnız özünə təhlükəli olduğunu göstərmək məqsədilə istifadə olunan simvolik multfilim personajı idi. Bunu Reyqan adminstrasiyasının strateqləri xüsusi olaraq düşünüb tapmışdılar ki, daha SSRİ-dən qorxmaq lazım deyil; o, böyük və heybətli Şər imperiyası yox olsa-olsa, multfilmdir. Və bu multfilm özü-özünü bitirəcək.

Həmin ifadə Reyqanın leksikonu ilə yanaşı, ABŞ mediasının da dövriyyəsinə daxil edilmişdi. Məsələn, 1988-ci ildə o dövrdə çox nüfuzlu olan “Chicago Tribune” qəzeti Qorbaçovun həyata keçirdiyi yenidənqurma siyasətini “Mikki Maus islahatları” adlandırırdı.



Baxın, mənə görə “Çernobıl” serialında məhkəmənin həyətində gördüyümüz Mikki-Maus bütün bunlara işarədir. Serialın kulminasiyası olan məhkəmə səhnəsi sovet sisteminin necə çürüdüyünü göstərir. Həmin dövrdə ABŞ-da bu ideyanı Mikki Maus obrazı təcəssüm etdirirdi. Məhz buna görə də biz məhkəmənin həyətində Mikki Maus cənablarını görürük.

Əslində burada nöqtəni qoya bilərdik, amma söz yerinə düşmüşkən, bir məsələni də deməsəm, olmaz. Azərbaycanda da liberal-qərbyönümlü müxalfətin təmsilçilərindən biri az qala hər statusunda dövlət mexanizminin işini, hökumətin fəaliyyətini “multfilm” adlandırır: “Ölkə deyil, milltfilmdir!..”



İndi görürsünüzmü, bu adamların fikirləri, tezisləri, haradan gəlir? Hətta dövləti “multfilm” adlandırmaları kimi qeyri-ciddi “tapıntı” da öz beyinlərinin məhsulu deyil, heç tapıntı da deyil, təxminən 30 il əvvəl Amerikanın informasiya strateqləri tərəfindən psixoloji müharibədə üstünlük qazanmaq üçün düşünülmüş tezisdir. Vaxtilə Amerika siyasətçilərinə və mediasına ötürülmüş həmin tezis indi də bunlara atılıb, ona görə də israrla hər dəfə, tez-tez bu sözü işlədirlər. Bir növ, öz aləmlərində NLP metodunu tətbiq edirlər. Onları izləyənlər təbii ki, işin arxasında hansı mətləblərin gizləndiyini bilmədikləri üçün bu cür virus-ifadələr nüfuz agentləri vasitəsilə kütlə şüuruna yoluxdurulur.
Şüurunuzu viruslardan qoruyun!

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Çernobıl   Müxalifət  





Xəbər lenti