“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edib

“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edib
  18 İyun 2019    Oxunub:2532
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri bölgələrdə vətəndaş qəbulu keçiriblər.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, iyunun 17-də “Azərsu”nun sədrinin birinci müavini Teyyub Cabbarov Xaçmaz şəhərində vətəndaşlarla görüşüb. İyunun 18-də sədr müavini Etibar Məmmədovun Şabran şəhərində keçirdiyi qəbulda isə Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyətlərinin rəhbər şəxsləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Xaçmaz Sukanal Sahəsinin inzibati binasında və Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbullarda Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 39 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Azvision.az


Teqlər:





Xəbər lenti