Nazir Beynəlxalq Əmək Konfransının sessiyasında

Nazir Beynəlxalq Əmək Konfransının sessiyasında
  19 İyun 2019    Oxunub:1939
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrə şəhərində (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sessiyada çıxış edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, konfrans iştirakçılarını BƏT-in 100 illik yubileyi münasibətilə təbrik edən nazir təşkilatın irəli sürdüyü təşəbbüslərin dünyada sosial ədalət və sosial dialoqa nail olmaq üçün birgə tədbirlərin müəyyən edilməsində ümumi bir platformaya çevrildiyini qeyd edib. S.Babayev bildirib ki, Dördüncü Sənaye İnqilabı ərəfəsində rəqəmli texnologiyaların tətbiqi və süni intellektin yaranması dünyada misli görünməmiş iqtisadi artımlara, əmək və sosial əlaqələrin inkişafına, əmək bazarında yeni peşələrin yaranması prosesinin sürətlənməsinə və mövcud bacarıqların təkmilləşməsinə səbəb olur.

BƏT çağırışlarına uyğun olaraq Azərbaycanda sosial tərəfdaşlığın inkişafından bəhs edən nazir vurğulayıb ki, ölkədə innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu dövlət siyasətinin strateji məqsədidir. Ötən 15 il ərzində ölkəmizdə ÜDM-in artımı 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, orta əmək haqqı 7 dəfə, minimum əmək haqqı 15 dəfə artıb, işsizlik və yoxsulluq səviyyəsi 5 faizə enib. Təkcə bu il reallaşdırılan sosial paket minimum əmək haqqı və pensiyaların 40 faiz, sosial müavinətlərin və təqaüdlərin orta hesabla 100 faiz artması, digər əsas tədbirlər nəticəsində 3 milyon insanın rifahına ciddi dəstək olub.

S.Babayev Azərbaycanın 2019-2030-cu illər üçün Məşğulluq Strategiyasının, qəbul edilmiş digər sənədlərin aktiv əmək bazarı proqramlarının genişlənməsini və yüksək effektivliyini təmin etdiyini, ölkədə məşğulluq xidmətlərinin yeni modelinin tətbiq edildiyini diqqətə çatdırıb. O, Azərbaycanın yeni DOST layihəsi, bu layihənin dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər, elektron pensiya təyinatı sistemi, yeni “e-sosial” reyestri, nazirliyin Mərkəzi Elektron İnformasiya Sistemindəki altsistemlər, həmçinin “Məşğulluq” altsistemi və s. barədə məlumat verib.

BƏT-lə birgə icra olunan 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının əhəmiyyətini vurğulayan S.Babayev bildirib ki, bu ilin may ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Sosial Təminat Forumuna ev sahibliyi edən Azərbaycanın 4 sosial layihəsi yaxşı təcrübə nümunəsi kimi BSTA-nın xüsusu mükafatına layiq görülüb. Bu və həmçinin Azərbaycanın BƏT-in İdarəetmə Şurasında təmsil olunması ölkəmizin sosial-iqtisadi sahədə uğurlu islahatlarına beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.

Nazir vurğulayıb ki, bu gün həll edilməmiş silahlı münaqişələr və terror təhlükəsi təkcə ayrı-ayrı ölkələrdə və ya regionlarda deyil, bütün dünyada sosial inkişaf imkanlarını məhdudlaşdırır. Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğalı və xüsusi qayğıya, sosial müdafiəyə ehtiyac duyan milyondan artıq qaçqın və məcburi köçkünün olması bütün regionda sosial-iqtisadi nailiyyətlərin daha çox olması üçün ciddi maneə törədir. S.Babayev ona görə də bu gün BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və BƏT-in bir çox strateji məqsədlərinə nail olunmasına mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilmiş beynəlxalq səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

O, Azərbaycanın BƏT-in prinsiplərinə və BƏT-lə əməkdaşlıqdan irəli gələn öhdəliklərə sadiqliyini və müsbət təcrübələrin mübadiləsi da daxil olmaqla ölkəmizin geniş əməkdaşlığa daim hazır olduğunu vurğulayıb.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti