Olimpiada qalibləri mükafatlandırıldı - FOTOLAR

Olimpiada qalibləri mükafatlandırıldı -    FOTOLAR
  19 İyun 2019    Oxunub:4154
Bu gün Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasimdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.



Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. O bildirib ki, 2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib.

Təhsil naziri Ceyhun Bayramov son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb.



İstedadlı uşaqların aşkar edilməsi istiqamətində görülən işlərdən danışan Ceyhun Bayramov çıxışının sonunda bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb.

Mərasimdə Respublika fənn olimpiadaları iştirakçılarının və onların müəllimlərinin bilik yarışmasının təşkili və keçirilməsi ilə bağlı təəssüratlarının əks olunduğu videoçarx nümayiş edilib.



Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub.



Qeyd edək ki, Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.











Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Olimpiada  





Xəbər lenti