2019: Sosial rifah bumu ili – TƏHLİL

   2019: Sosial rifah bumu ili –    TƏHLİL
  21 İyun 2019    Oxunub:5238
2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanların 60 faizi sosial yönümlü idi. Bu dəst-xətt 2019-cu ildə də davam etdirilməkdədir. Hələ 2018-ci il üçün deyilirdi ki, bu il sosial rifah ili kimi tarixə düşəcək. Bəli, elə də oldu, lakin hazırda yaşadığımız 2019-cu il, belə görünür ki, 2018-ci illə müqayisədə "sosial rifah bumu" ili olacaq. Çünki ən yüksək səviyyədə sosial istiqamətdə atılan ciddi addımlar artıq bir növ trend halını almaqdadır.
Misal üçün, Azərbaycan dövlətinin apardığı uğurlu daxili siyasətin, eləcə də sosial problemlərin həllinin nəticəsi olaraq, "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 2005-ci ildə 69-cu yerdə idiksə, 2017-ci ildə 35-ci yerə qədər irəliləməyi bacarmışıq. "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB məkanında 2009-cu ildən etibarən 1-ci yerdə durur. Ümumiyyətlə, Qlobal rəqabət indeksinə görə, Azərbaycan regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına malikdir və qonşu ölkələrlə müqayisədə ön sıradadır.

Bundan başqa, yeni metodologiya ilə hazırlanan "Qlobal Rəqabətlilik 2018/2019" hesabatında Azərbaycan dünyada sosial bərabərliyin yüksək səviyyədə təmin olunduğu ölkə kimi göstərilib. Həmçinin əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla Azərbaycan dünyada ilk pilləyə yüksəlib. Bundan savayı, hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb.

2018-ci ildə əhalinin nominal gəlirləri 8,2 faiz artıb. Yoxsulluq çox aşağı səviyyədədir. Aylıq minimal əməkhaqqı artırılaraq, 250 manata çatdırıldı. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqqları orta hesabla 40 faiz artdı. Nəticədə orta aylıq əməkhaqqını MDB ölkələri ilə manatın alıcılıq qabiliyyəti indeksi üzrə müqayisə etdikdə, Azərbaycan 2 və 3-cü yerləri bölüşür.

Yüksək rifah siyasəti təbii ki, pensiyaçılardan da yan ötmür. 1 oktyabr 2019- ci il tarixdən etibarən ölkədə 200 manatdan aşağı minumum pensiya alan vətəndaşımız qalmayacaq. 200 manatdan yuxarı pensiya alanların isə pensiyasında dəyişiklik edilməyəcək. Pensiyaların adekvatlığının təmin olunması sırf indeksasiya üzərindən aparılır. Hər il ölkə üzrə əməkhaqlarının artım tempinə uyğun olaraq indeksasiyalar aparılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiyalarla bağlı açıqlamasında göstərilir ki, bu islahat hesablamalara görə, 700 minə yaxın pensiyaçını əhatə edəcək. Proqramın maliyyə dəyəri 200 milyon manata yaxındır.

Beləliklə, Azərbaycan dövlətinin öz vətəndaşını düşünərək sosial rifahı artıran addımlar atması, əhalinin güzəranının günbəgün daha da yüksəldilməsi deməyə əsas verir ki, Prezident İlham Əliyevin siyasi kursunun təməlində birmənalı olaraq “hər şey xalq üçün” devizi durur.

Fərrux Həsənov
Azvision.az üçün


Teqlər: Sosial-rifah   Sosial-siyasət  





Xəbər lenti