Goplananların yeri dəyişəndə, cəm dəyişmir – VİDEOKÖŞƏ

   Goplananların yeri dəyişəndə, cəm dəyişmir –    VİDEOKÖŞƏ
  26 İyun 2019    Oxunub:9475
Dövlət başçısı ötən həftə iqtidar komandasında bəzi kadr dəyişiklikləri edəndən sonra sosial şəbəkədə müxaliflərin əsas reaksiyası belə oldu: “Toplananların yerini dəyişəndə, cəm dəyişməz”. Bu sözü o qədər paylaşdılar ki, yəqin, yazıq Pifaqor qəbirdə fırlanıb.
O ayrı sualdır ki, “Cəm”i dəyişmək məqsədi ümumiyyətlə, olubmu və bu, lazımdırmı? Əgər “Cəm” deyiləndə dövlətin idarəçilik sistemi nəzərdə tutulursa, yaxşı işləyən və getdikcə daha artıq effekt verən bir mexanizmi dəyişməzlər. Sadəcə, lazım olan yerlərini təkmilləşdirərlər ki, bu da daim edilir. Ümumiyyətlə, sosial şəbəkədə tez-tez təkrarlanan “sistem dəyişməlidir” söhbətinin savadsızcasına demoqogiyadan başqa bir şey olmadığı haqda biz bir dəfə danışmışdıq. Həmin yazını bir daha oxumağı tövsiyə edərdim.


İndi isə qayıdaq toplananlara və onların cəminə. Dediyimiz kimi, hökumətdən danışanda “Cəm”i dəyişməyə ehtiyac yoxdur, çünki mexanizm getdikcə artan effektlə işləyir və lazım olan yerləri də təkmilləşdirilir. Bunu rəqəmlərlə də sübut etmək olar, amma qalsın növbəti dəfələrə, çünki indi mövzumuz o deyil. İndi mövzumuz budur: Axı son dərəcə effektsiz işləyən bir “cəm” var, bəs oradakı toplananlarla nə edək? Bax, o toplananlar bilirsinizmi, fərqli formatlarda, müxtəlif adlar altında nə qədər toplanıblar? Gəlin, bəzilərini xatırladaq.

90-cı illərin ikinci yarısı idi, ölkə müxalifəti “Demkonqres” adı altında birləşmişdi. Toplanır, boş-boş danışır, ölkədə və xaricdə olan hadisələrlə bağlı bəyanatlar qəbul edirdilər, səhər həmin bəyanatlar qəzetlərdə çıxırdı. O vaxtlar mən gənc jurnalist idim və hərdən adama elə gəlirdi ki, bunlar doğrudan da, nəsə ciddi bir işlə məşğuldurlar.

Sonra Demkonqres parçalandı və balaca ölkənin balaca müxalifət sferasında iki Demkonqres fəaliyyət göstərməyə başladı. Fərq isə bu idi ki, onların biri Əli Kərimovun dəstəsini, digəri “klassik”lər adlanan qanadı AXCP olaraq tanıyıdılar. Onda hələ AXCP cəmi iki yerə parçalanmışdı, indiyə qalsa, yəqin ki, ölkədə azı 6-7 Demkonqres olmalı idi. Amma qalmadı, “Demkonqres”lərin ikisi də dağıldı. Əli Kərimovun dəstəsi isə xatırladığım qədər, o vaxtdan bəri azı 5-6 dəfə parçalanıb.

Demkonqreslərin yerində, daha doğrusu, xarabalığında Müxalifətin Koordinasiya Mərkəzi yaradıldı. 2000-ci ilin parlament seçkisi ərəfəsində SİDSUH adlı müxalifət hərəkatı formalaşdırıldı. Eyni adamlar bu dəfə burada toplandılar, amma cəm - yəni nəticə dəyişmədi.

Sonra SİDSUH da dağıldı və yerində DUBB yaradıldı. Müxalifətin mahiyyətini ifadə etmək baxımından əla ad idi, çox gözəl səslənirdi, ümumiyyətlə, müxalifət heç vaxt öz qurumları üçün bu qədər uğurlu ad fikirləşə bilməmişdi: DUBB! Amma təəssüf ki, o da dağıldı. Sonra DUH yaratdılar, amma nəyisə dəyişməyə bu dəfə də DUH-ları çatmadı. O da dağıldı, toplananlar toplaşıb, yerində BMH yaratdılar. Cəm, yəni nəticə dəyişmədi, o da parçalandı.

Sonra “Azadlıq bloku” gəldi. Getdi. Yerində “Bizim Azərbaycan” bloku yaradıldı. O da dağıldı. Ardınca toplanıb nə yaratmışdılar?.. Oh, “ YES ”! Amma bu da uzun sürmədi, yəni, cəm dəyişmədi. Daha sonra toplanıb, qərara gəldilər ki, “İctimai Palata” da cəmləşdilər. Bu da dağıldı. Sonra Demokratik Qüvvələrin Məşvərət Məclisi yaradıldı və o da dağıldı.

Bu arada “Üçlük”, “Beşlik”, “Səkkizlik”, “Onaltılar” adlı formatlar da yaratdılar ki, hər birinin ömrü vaxt baxımından kəpənək, rəngarənlik sarıdan isə köstəbək həyatını xatırladır. Arada olan “Amal”, ANİF, “EL” , “Ziyalılar Forumu” kimi yarımçıq formatların üstündən tullanıb keçsək, gəlib çıxağacağıq toplananların əmələ gətirdiyi sonuncu cəmə - yəni Milli Şuraya . O quruma ki, adı var, özü isə faktik olaraq Əli Kərimlinin feysbuk profilindən ibarətdir. Yenə də bütün əvvəlki formatlarda olduğu kimi, basıb-bağlayıb, goplayırlar, amma goplananların yeri dəyişəndə cəm dəyşmir.

Beləliklə, bu saydıqlarım müxalifətin son 20 ildə toplanıb, yaratdığı qurumlar idi:
Demkonqres – 1 / 2
Müxalifətin Koordinasiya Mərkəzi
SİDSUH
DUBB
DUH
BMH
“Azadlıq bloku”
“Bizim Azərbaycan” bloku
YES
“Üçlük”
“Beşlik”
“Səkkizlik”
“Onaltılar”
“Amal”
ANİF
“EL”
“Ziyalılar Forumu”
İctimai Palata
Demokratik Qüvvələrin Məşvərət Məclisi
Milli Şura

Hələ bu, yüz faiz hamısı deyil, şübhəsiz ki, mənim yadımdan çıxanlar da var. Bunların hamısı bir yerdə nəyi, hansı cəmi dəyişdi? QRUVH - yəni Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı yaratmışdılar, indi Qarabağ Uğrunda Hərəkat yaradıblar. Toplananları yeri dəyişib, amma cəm, mədəni dildə desək, elə eyni məişət tullantısıdır.

Və indi bu adamlar özlərini dartıb, ağıllı görkəm alaraq, deyirlər ki, “Toplananların yerini dəyişəndə, cəm dəyişmir”. Əlbəttə, haqlıdırlar, çünki öz təcrübələrindən çıxış edirlər. Amma əsas sual budur: “Cəm” harada dəyişməlidir – hakimiyyət, yoxsa müxalifət düşərgəsində? Bəlkə, bircə dəfə də müxalifətin özü elə toplansın ki, cəm dəyişsin? Amma 20 ildir ki, bu, alınmır, çünki toplananların yerini dəyişəndə, cəm dəyişməz.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Müxalifət  





Xəbər lenti