Qaşıqçı cinayəti ilə bağlı ABŞ-a ittihamlar

  27 İyun 2019    Oxunub : 837
Qaşıqçı cinayəti ilə bağlı ABŞ-a ittihamlar
Ötən ilin oktyabr ayında öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz Vaşinqtonu baş vermiş cinayəti araşdırmamaqda günahlandırıb.

Azvision.az -ın məlumatına görə, X.Cengiz bildirib ki, Qaşıqçı ABŞ vətəndaşı olmasına baxmayaraq, Vaşinqton onun ölümünün araşdırılmasında maraqlı deyil.
“İnanıram ki, beynəlxalq ictimaiyyət Amerika Birləşmiş Ştatlarını bu işdə hərəkət etməyə çağıracaq. Çünki onlar hələ özlərini heç bir şey olmamış kimi aparırlar".

Onun sözlərinə görə, indiyə qədər heç bir dövlət Qaşıqçı cinayəti ilə bağlı ədalətin bərpa olunmasında əhəmiyyətli addımlar atmayıb: "Bu günə qədər hər hansı bir dövlət konkret addım atmayıb və atılan addımlar problemin həllinə yönəlməyib. Bu, çox üzücüdür".

X. Cengiz əlavə edib ki, ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu yaxınlarda Səudiyyə Ərəbistanına baş tutan səfəri sadəcə biabırçılıqdır. Belə ki, səfər zamanı Qaşıqçının işi müzakirə edilməyib.

"Bu səfərdə Mayk Pompeonun yanaşması Tramp administrasiyasının ümumi siyasətini izləyir və buna görə də mənim üçün sürpriz deyil, amma ABŞ üçün biabırçılıqdır", - deyə bildirib.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Uzun sürən araşdırmalardan sonra Səudiyyə hakimiyyəti jurnalistin İstanbuldakı Baş Konsulluqda öldürüldüyünü etiraf edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qaşıqçı   ABŞ   Qətl