AMEA-da struktur dəyişikliyi

AMEA-da struktur dəyişikliyi
  27 İyun 2019    Oxunub:3643
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, iclasda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin "Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər" mövzusunda elmi məruzəsi dinlənilib. Alim bildirib ki, arxeoloji tədqiqatlar Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Natiq müxtəlif dövrlərdə ölkəmizdə aparılan arxeoloji tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında məlumat verib. N.Müseyibli arxeologiya elminin perspektivlərini müəyyən edən bir sıra mühüm vəzifələrdən danışıb, digər elm sahələri ilə daha intensiv əlaqələrinin qurulmasının, multidissiplinar tədqiqatların genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın 75 illik yubileyi haqqında məsələ müzakirə edilib. Bununla bağlı çıxış edən akademik Akif Əlizadə 2020-ci ilin mart ayında AMEA-nın yaradılmasının 75 ilinin tamam olacağını bildirib. Natiq AMEA-nın təsis edilməsinin Azərbaycan xalqının elmi və ictimai fikir tarixində mühüm hadisə olduğunu, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Akademik vurğulayıb ki, AMEA bu illər ərzində xalqımızın intellektual potensialının formalaşdırılmasında, elmin müasir zamanın tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, respublikada peşəkar elmi kadrlar nəslinin yetişdirilməsində müstəsna rol oynayıb.

XX əsrin ikinci yarısında, xüsusilə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə akademiyada xeyli nailiyyətlərin əldə edildiyini deyən Akademik Akif Əlizadə ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində AMEA-nın tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin elmə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda AMEA-nın fəaliyyət dairəsi xeyli genişləndirilib, səlahiyyətləri artırılıb, ölkəmizdə elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından onun qarşısına mühüm vəzifələr qoyulub. Natiq 2015-ci ildə təntənəli şəkildə qeyd olunan akademiyanın 70 illik yubileyində iştirak edən ölkə prezidentinin dərin məzmunlu nitqi ilə Azərbaycan elminin respublikanın inkişafı ilə şərtlənən prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyini xatırladıb. Bu prioritet istiqamətlər üzrə AMEA-da kompleks tədbirlər həyata keçirildiyini, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasından irəli gələrək akademiyanın ölkənin inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb.

İclasda Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələrinə akademiyanın 75 illik yubileyi ilə bağlı təkliflər hazırlayıb müəyyən edilmiş müddətdə Rəyasət Heyətinə təqdim etmələri, bu təkliflər əsasında yubileyin Tədbirlər planının hazırlanması tapşırılıb.

Gündəlikdə yer alan növbəti məsələ "AMEA-nın Ümumi yığıncağının 1 may 2019-cu il tarixli qərarının yerinə yetirilməsi ilə bağlı Tədbirlər planı" haqqında olub. Akademik Akif Əlizadə bildirib ki, ötən il AMEA tərəfindən prioritet elmi istiqamətlər üzrə mühüm nailiyyətlər əldə edilib, elmi-texniki potensialın inkişafı, innovativ fəaliyyətin gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin möhkəmləndirilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilib. AMEA rəhbəri akademiyanın elmi müəssisələrinin 2018-ci ildə çoxsaylı dövlət proqramlarının və digər dövlət əhəmiyyətli tapşırıqların icrasında yaxından iştirak etdiklərini nəzərə çatdırıb.

Natiq vurğulayıb ki, bu işlərin davamı olaraq qarşıda duran vəzifələrin kompleks icrasını təmin etmək məqsədilə AMEA-nın Ümumi yığıncağında Rəyasət Heyətinə 2019-cu ildə akademiyada icrası zəruri olan bir sıra tapşırıqlar verilib. Akademik həmin tapşırıqların həyata keçirilməsi üçün müvafiq təkliflər və Tədbirlər planı hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim olunduğunu bildirib. İclasda Rəyasət Heyəti Tədbirlər planını təsdiq edib və bu istiqamətdə müvafiq tapşırıqlar verib.

Tədbirdə Akademik Mirəsədulla Mirqasımov adına xatirə nişanı, Akademik Mustafa Topçubaşov adına xatirə nişanı, Akademik Zərifə Əliyeva adına xatirə nişanı, Akademik Yusif Məmmədəliyev adına xatirə nişanı, Akademik Murtuza Nağıyev adına xatirə nişanı, Akademik Üzeyir Hacıbəyli adına xatirə nişanı, Akademik Mikayıl Useynov adına xatirə nişanı, Akademik Səməd Vurğun adına xatirə nişanı, Akademik Musa Əliyev adına xatirə nişanı, Akademik Həsən Əliyev adına xatirə nişanı, Akademik Zahid Xəlilov adına xatirə nişanı, Akademik Azad Mirzəcanzadə adına xatirə nişanı, Akademik Həsən Abdullayev adına xatirə nişanı və Professor Lütfi Zadə adına xatirə nişanı haqqında əsasnamələr təsdiq edilib. Eləcə də, AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Adil Ağayevin AMEA-nın Xatirə nişanı ilə təltif edilməsi qərara alınıb.

İclasda AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun Estoniya Respublikasına, həmin müəssisənin elmi işçisi Aynur Abdulkərimovanın Çex Respublikasına, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Cəmalə Eldarovanın ABŞ-a, AMEA-nın Botanika İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimovun və AMEA-nın Mərkəzi Nəbatat Bağının sektor rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayevin Almaniya Federativ Respublikasına ezam edilmələri haqqında qərarlar qəbul edilib.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun strukturlarında qismən dəyişiklik edilib.

Tədbirdə bir sıra yubiley məsələlərinə də baxılıb. "AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyi ilə bağlı Tədbirlər planı" təsdiq edilib, sənədin iclası ilə bağlı müvafiq tapşırıqlar verilib. Bundan başqa, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 70 illik yubileyi ilə əlaqədar alimin həyat və yaradıcılığına həsr olunmuş elmi sessiyanın keçirilməsi, onun təltif edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması və s. qərara alınıb. Həmçinin, akademik Nizami Cəfərovun 60 illik yubileyi ilə bağlı onun həyat və yaradıcılığına həsr edilmiş elmi sessiyanın keçirilməsi və biblioqrafiyasının hazırlanması, AMEA-nın müxbir üzvü Əli Nuriyevin 80 illik yubileyi ilə əlaqədar isə AMEA-nın Fəxri fərmanı ilə təltif edilməsi, həyat və yaradıcılığına həsr olunmuş elmi sessiyanın keçirilməsi, onun əsərlərinin biblioqrafik göstəricisinin hazırlanması tapşırılıb.

Növbəti qərarla geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin infrastruktur üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti