Ötən ay cəbhədə nələr baş verib?

Ötən ay cəbhədə nələr baş verib?
  01 İyul 2019    Oxunub:2651
Ermənistan silahlı qüvvələri iyun ayında atəşkəs rejimini 455 dəfə pozub.
Azvision.az -ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, iyun ayında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Ay ərzində Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Ötən ay bir şəhidimiz olub. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

İyun ayının 23-dən başlayaraq Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Cəbhə   Düşmən   Atəşkəs  





Xəbər lenti