Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

 Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib
  01 İyul 2019    Oxunub:2366
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.
Azvision.az xəbər verir ki, Dövlət Dəniz Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilirdi ki, Xəzər Dəniz Akvatoriyasında iyunun 29 – u axşamdan iyulun 2 – si gündüzədək şimal – qərb küləyinin 18 – 23 m/s, arabir 27 – 32 m/s – dək güclənəcəyi, dalğanın hündürlüyünün 2.0 – 3.0 m, sonrakı inkişafda 5.0 – 7.0 m. olacaq. Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir. Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir. Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı diqqətdədir. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir”.

Agentliyin yaydığı məlumatda qeyd olunub ki, Xəzəryanı dövlətlər içərisində ilk olaraq Azərbaycanda yaradılan Milli Mərkəz ən son texnoloji avadanlıqlarla təchiz olunub:

“Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir. Bu müddət ərzində heç bir problem və çətinlik yaşanmayıb”.

Azvision.az


Teqlər: Dəniz   Gəmi   Agentlik  





Xəbər lenti