5 qəsəbənin su şəbəkəsi yenilənir

5 qəsəbənin su şəbəkəsi yenilənir
  01 İyul 2019    Oxunub:1872
Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq Sabunçu rayonunun 5 qəsəbəsində içməli su layihələri həyata keçirilir.
“Azərsu” ASC-dən Azvision.az -a bildirilib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsindən sonra Abşeron yarımadasının kənd və qəsəbələrinin içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub. Hazırda yaşayış məntəqələrində yeni içməli su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri davam etdirilir.

Sabunçu rayonunda icra olunan layihələr Maştağa, Zabrat, Pirşağı, Nardaran və Bilgəh qəsəbələrini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Ötən müddətdə Pirşağı, Nardaran və Bilgəh qəsəbələrinin içməli su qıtlığının daha çox müşahidə olunduğu ərazilərində yeni mərkəzləşdirilmiş su şəbəkələri yaradılıb. Hazırda Maştağa və Zabrat qəsəbələrində yeni şəbəkələrin tikintisi davam etdirilir. Bu qəsəbələrdə müxtəlif diametrli borularla 11 kilometr paylayıcı su xətlərinin inşası nəzərdə tutulub. Yeni tikilən şəbəkələrdən evlərə birləşmə verilərək sayğaclar quraşdırılır. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Yeni su xətləri istismara verildikdən sonra əhali dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq. İlkin mərhələdən bu layihələrdən 5 minədək sakin faydalanacaq. Növbəti mərhələdə Sabunçu rayonunun içməli su problemi olan digər yaşayış massivlərində də su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri həyata keçiriləcək.

Layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində içməli su təchizatı əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri hesabına aparılıb. Bəzi ərazilərdə isə ümumiyyətlə su xətləri olmayıb, əhali içməli suya olan tələbatını quyu suları və maşınla uzaq məsafələrdən daşıyaraq ödəyib.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti