Gömrük sahəsində Azərbaycan-Türkiyə təlimi başladı

Gömrük sahəsində Azərbaycan-Türkiyə təlimi başladı
  02 İyul 2019    Oxunub:1738
İyulun 1-də ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan-Türkiyə birgə təliminə start verilib.
DGK-nın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, təlimin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli Azərbaycanda, o cümlədən Naxçıvan MR-də gömrük işinin səmərəliliyinin artırılması, innovativ layihələrin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına, transmilli cinayətkarlığa qarşı mübarizə və sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, gömrük işi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və iş prosesində tətbiqi, dünya ölkələrinin gömrük xidmətləri ilə qarşılıqlı faydalı əlaqələr və birgə əməkdaşlıq uğurlu nəticələr verib.

ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramının əhəmiyyətini qeyd edən komitə sədri Azərbaycan-Türkiyə birgə təliminin səmərəli olacağına əminliyini vurğulayıb və təlimin işinə uğurlar arzulayıb.

Türkiyə Gömrük Xidmətinin Mühafizə Baş Müdirliyinin rəisi Yaşar Baltacı yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

ABŞ-ın Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramının Türkiyə və Azərbaycan üzrə müşaviri Kis Roberts bildirib ki, təmsil etdiyi layihə Azərbaycanda 1999-cu ildən icra olunur. İstənilən qurumun səmərəli fəaliyyətinin başlıca şərtlərindən birinin əməkdaşların potensialının, bilik və bacarıqlarının artırılması olduğunu vurğulayan amerikalı ekspert Azərbaycan gömrüyünün bu sahədə atdığı addımların təqdirəlayiq olduğunu deyib.

Qeyd edək ki, beş gün davam edəcək birgə təlimlər çərçivəsində amerikalı ekspertlər tərəfindən qaçaqmalçılıq hallarının aşkar edilməsi, nəqliyyat vasitələrinin yoxlanılması, texniki nəzarət vasitələrindən istifadə və riskin müəyyən edilməsi üsulları ilə bağlı təcrübə öyrədiləcək. Naxçıvan Şəhər və Sədərək Gömrük idarələrində praktik məşğələlər keçiriləcək.

Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Azvision.az


Teqlər: DGK   Gömrük   Təlim  





Xəbər lenti