Azərbaycanın DİN rəhbərləri: Xoyskidən Vilayət Eyvazovadək - DOSYE

Azərbaycanın DİN rəhbərləri:  Xoyskidən Vilayət Eyvazovadək -  DOSYE
  02 İyul 2019    Oxunub:15091
2 iyul polislərin peşə bayramı günüdür. Azərbaycan Polisi yaranmasının 101-ci ildönümünü qeyd edir.
Azvision.az xəbər verir ki, ilk dəfə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda milli hökumətin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Azərbaycanın ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub.

1918-ci il iyulun 2-də milli hökumətin qərarı ilə Gəncə şəhərində ilk polis orqanları yaradılıb. Cümhuriyyətin süqutundan sonra nazirlik uzun müddət – müstəqilliyimiz bərpa edilənə kimi SSRİ-nin tabeliyində olub.

1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edəndən sonra Daxili İşlər Nazirliyi keçmiş SSRİ-nin tabeliyindən çıxaraq müstəqil Azərbaycan Respublikasının tərkibində fəaliyyət göstərməyə başlayıb.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik və asayişin qorunması naminə fəaliyyət göstərməkdədir. Zaman-zaman qurumun rəhbərliyinə müxətlif təyinatlar olub. Müstəqil Azərbaycanda indiyədək 8 daxili işlər nazirinin təyinatı həyata keçirilib.

Onlar kimlərdir?

Məhəmməd Nəbi oğlu Əsədov müstəqil Azərbaycan Respublikasının ilk daxili işlər naziri olub. 1941-ci ilin dekabrın 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olan M.Əsədov 1990-cı ilin may ayında daxili işlər naziri vəzifəsinə təyin edilib. Mərhum nazir müstəqillikdən sonra yalnız 1 ay bu postda qala bilib.

M.Əsədov 1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə Ağdam rayonunda ermənilər tərəfindən vertolyotun vurulması zamanı dünyasını dəyişib. Faciəli ölümündən sonra onun yerinə Tofiq Mirzə oğlu Kərimov nazir təyin edilib. Lakin T.Kərimov daxili işlər naziri olaraq cəmi 3 ay fəaliyyət göstərə bilib.

Sonra bu vəzifəyə Tahir Yunus oğlu Əliyev təyinat alıb. Əslən Qubadlı rayonunun Cılfır kəndindən olan T.Əliyev 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. T.Əliyevin nazir kimi fəaliyyəti 3 ay davam edib. Daha sonra prezidentin sərəncamı ilə Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb.

Həmidov İsgəndər Məcid oğlu müstəqil Azərbaycanın 4-cü daxili işlər naziri olub. 1948-ci ildə Kəlbəcər rayonunda anadan olan İ.Həmidov 1992-ci il 16 may tarixindən 1993-cü ilin aprelin 16-dək daxili işlər naziri vəzifəsində çalışıb.

Allahverdiyev Abdulla Museyib oğlu nazir olaraq cəmi 2 ay fəaliyyət göstərə bilib. O, 1993-cü ilin aprelin 21-dən iyunun 25-dək Azərbaycanın daxili işlər naziri olub.

Bir ay sonra Novruzov Vaqif Yusif oğlu nazir təyin edilib. Novruzov 1994-cü ilin aprelin 29-da postunu təhvil verib.

Ramil İdris oğlu Usubov müstəqil Azərbaycanın sayca yeddinci daxili işlər naziri olub. R.Usubov 1994-cü ilin aprelin 19-dan 2019-cu ilin 20 iyun tarixinədək fəaliyyətini davam etdirib. Dövlət başçısının imzaladığı sərəncamla Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Hazırda Azərbaycanın Daxili İşlər naziri Vilayət Eyvazovdur . O, Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, V.Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

Azərbaycan Prezidentinin 2005-ci il 14 aprel tarixli sərəncamı ilə Daxili İşlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli sərəncamla Daxili İşlər nazirinin birinci müavini təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb, Ölkə başçısının 2002-ci il 30 iyun tarixli fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli sərəncamla 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli sərəncamla 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli sərəncamla isə “İgidliyə görə” medalı ilə təltif olunub.

V.Eyvazova Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Daxiliişlərnazir   Polis  





Xəbər lenti