Azərbaycan polisinin amerikalı həmkarları

 Azərbaycan polisinin amerikalı həmkarları
  02 İyul 2019    Oxunub:3258
Bu gün Azərbaycanda polislərin peşə bayramıdır. Yəqin ki, bu bayram günündə Azərbaycan polisinin ABŞ-dakı həmkarları haqqında məlumat vermək yerinə düşər. Əvvəla onu deyim ki, ABŞ-da digər ölkələrdən fərqli olaraq vahid polis sistemi yoxdur. "ABŞ Polisi" termini qeyri-rəsmi olaraq istifadə olunur. Amma burada hər bir ştatın, eləcə də, hər bir böyük şəhərin, hətta kiçik qəsəbənin də öz müstəqil polis şöbəsi var. Bəzən polis bölmələri böyük müəssisələrdə, məsələn universitetlərdə də mövcud ola bilər.
Bundan əlavə, ABŞ-da federal cinayətləri tədqiq edən- FBİ, Narkotiklərə mübarizə idarəsi, Alkoqol, tütün, odlu silah və partlayıcılara qarşı mübarizə idarəsi, Gizli xidmət, İmmiqrasiya və gömrük polisi və digər adlarda federal hüquq mühafizə orqanları da var. Ancaq əsas yük dövlət və şəhər polisinə düşür. Yerli polis orqanının rəhbəri - komissar, müfəttiş və ya polis şefi - adətən mer, bələdiyyə başçısı tərəfindən təyin edilir və bəzən də seçki yolu ilə seçilir.

Əyalət səviyyəsində polis şöbəsinin rəhbəri əsasən şerif adlanır. Şeriflər demək olar ki, seçki yolu ilə seçilir və onlara özünə müavinlərini təyin etmək hüququ verilir. Şerifin rəhbərlik etdiyi inzibati qurum əyalətdə olan həbsxanalara nəzarət etməklə yanaşı məhkəmə zallarının təhlükəsizliyini də təmin edir.

ABŞ qanunvericiliyinə görə polisin səlahiyyətləri hökumət və ya bələdiyyə tərəfindən müəyyən edilir. Burada polisin öhdəliklərini dəqiq açıqlamaq çox çətindir. Çünki ictimai həyat səviyyəsi, texnologiya dəyişdikcə və yeni dövlət qurumları yarandıqca polisin öhdəlikləri də daim yenilənir.

Polis əməkdaşları tərəfindən hər hansı bir subyektə güc tətbiq edilməsi isə daxili nizamnaməyə əsasən təyin olunur. ABŞ-ın əksər şəhərlərində polis qurumları kütləvi təcavüzlərin qarşısını almaq və fövqəladə vəziyyətlərdə sabitliyi qorumaq üçün xüsusi hazırlıq keçir. Məsələn, Nyu-York şəhər Polis İdarəsinin sapyor briqadası partladıcı qurğularla törədiləcək terror aktlarının baş tutmamasından ötrü püxtələşib.

ABŞ-da polislərə rütbə xidmət müddətinə və ya hansısa sücaətlərinə görə verilmir. Polis orqanlarında işə düzələn şəxsə ilk olaraq “officer” rütbəsi verilir. Bu ifadə bizim anladığımız zabit mənasını daşımır, ABŞ polisində ən kiçik xidməti rütbə sayılır. Və polislərin 90%-i bu rütbəylə təqaüdə çıxır. “Officer”-dən sonra "dedektiv" rütbəsi gəlir. Bu rütbə zabit rütbəsinə bərabər olan kiçik dərəcədir. “Serjant” rütbəsi isə hər iki rütbədən yüksək olduğu üçün onu əldə etməkdən ötrü xüsusi imtahanlardan keçmək lazım gəlir. Bundan sonra leytenant və kapitan rütbələrinə yiyələnmək olar.

Ümumiyyətlə, rütbə məsələləri ABŞ-da ştatdan ştata fərqlənir. Məsələn, Nyu-York polis şöbəsində rütbələrin ardıcıllığı belədir: “Officer”, “dedectiv”, “serjant”, “lieutenant”, “captain”, “inspector”, “shef” (1, 2, 3 ulduzlu), “police shef”, “commissar”.

Bəzi ştatlarda bu adlar müxtəlif ola da bilər və bu rütbələr əyalət qubernatoru tərəfindən təyin olunur.

Sonda onu da qeyd etmək istəyirəm ki, burada yaşadığım dörd ildə müəyyən etmişəm ki, ABŞ polisinin cinayət axtarışı ilə bağlı fəaliyyəti çox aşağı səviyyədədir. Ölkədə baş verən oğurluq hadisələrinin çoxu açılmır. Şahidlər, vətəndaş məlumatları olmasa cinayətlərin çoxu bağlı qalar.

Bu bayram günündə Amerikada yaşayan bir azərbaycanlı kimi əminliklə deyə bilərəm ki, Azərbaycan polisi ABŞ polisindən daha fədakar, daha bacarıqlıdır.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Polis  





Xəbər lenti