Mediada mənəvi dəyərlər və milli düşüncənin inkişafı

Mediada mənəvi dəyərlər və milli düşüncənin inkişafı
  01 İyul 2019    Oxunub:1298
Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir.
Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlanıb. Dəyərlərin formalaşması prosesi, nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişib.

Milli mənəvi dəyərlərin zəifləməsi cəmiyyətin formalaşmasına mənfi təsir göstərir. Odur ki, media nümayəndələri xüsusəndə online media jurnalistləri bu mövzulara mütəmadi olaraq toxunmalı və daima dərc edilən məqalələrə daxilində senzuradan keçirməlidir. Hər bir söz fərdlərə müxtəlif cür təsir edə bilir. Cəmiyyət isə fərdlərdən formalaşır. Keçmişə hörmət və adətlərin qorunması gələcək nəslin formalaşmasına birbaşa təsir edir. Bəzən azadlıq düşüncəsi gənclərə başqa cürə aşılanır və mənəvi dəyərlərimizə qarşı qoyulur. Halbu ki, demokratiyanın istinad edildiyi Avropanın bir çox ölkələrində milli və mənəvi dəyərlər əsrlər boyu qorunur. İtaliya və Böyük Britaniya buna misaldır. Odur ki, əgər əsrlər boyu bu mənəvi dəyərlər insanların inkişafına və düşüncəsinə təsir etməyibsə deməli, azərbaycanlıya da təsir etməz.

Bir çox hallarda xaricdən ixrac edilən və cəmiyyətin fikrini və əxlaqını kənarlaşmaya gətirib çıxaracaq siyasi sifarişlər “mənəvi dəyələrin” qorunması adı altında sıranır. Lakin hər bir azərbaycanlı bilməlidir ki, bizdə mənəvi və milli dəyərlərin yaşı minilliklərlədir. Və bu illər ərzində Azərbaycan xalqı tarixin vərəqlərində məhv olmayaraq bu dövrə gəlib çıxıbsa deməli sınaqdan çıxmış milli və mənəvi dəyərlərin dəyişməsinə ehtiyac yoxdur. Sadəcə müasir dövrə uyğunlaşdırmaq lazımdır. Bütün bu kimi halları media rəsmiləri “İP” xətrinə deyil dövlətimiz və cəmiyyət qarşısında vəzifə borcu kimi qəbul edib, təbliğ etməlidir.

Çünki, tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan mənəvi-əxlaqi dəyərlər hər bir toplumun milliliyinin, kamillik səviyyəsinin təcəssümü, dünyada özünü təsdiq etməsi üçün ən mühüm amil hesab olunur. Bu gün mədəni-mənəvi köklərimizə qayıdış istiqamətində, milli mənsubiyyətimizin təkcə formal surətdə deyil, həm də məzmun baxımından təsbit olunması uğrunda aparılan mübarizə həm də elmi-nəzəri əsaslara malik olmalıdır. Xüsusən televiziyanın, mətbuatın milli mənəviyyata yad elementlərlə dolduğu bir vaxtda mənəvi mühitin qorunması problemi çox aktualdır. Burada milli özünüdərk prosesi ilə özünüqoruma instinktinin vəhdətindən çıxış etmək lazımdır. Yəni ictimai həyatımıza kənardan daxil olan yad təsirlərdən qorunmaq üçün bu gün gənclərimizdə sosial özünümüdafiə instinkti formalaşdırılmalıdır.

Belə ki, hər bir insanın yaxud sosial qrupun davranışında 3 amil mühüm rol oynayır. Birinci mühit, ikinci informasiya, üçüncü isə üstünlük verilən dəyərlər. Lakin böyük bir təəssüflə qeyd etmək lazımdır ki, bu gün media mənəvi dəyərlərin təbliğinə yetərincə dəstək göstərə bilmir. Xüsusən telekanallarda mənəvi dəyərlərin qorunması çox az diqqətdə saxlanılır. Bəzi tv proqramlar onların aparıcıları, müzakirəyə çıxardığı mövzular nəinki mənəvi dəyərləri qorumur hətta onların varlığına kölgə salır. Lakin milli-mənəvi dəyərlərimizin qorunması üçün əlindən gələni edən az sayda olsa da bəzi TV proqramlar var. Onların varlığı və gördüyü işlər bu istiqamətdə gələcəyə ümidi artır. Axı medianın cəmiyyətdə istənilən fikri formalaşdırmaqda xüsusi aləti var.

Bundan başqa mediada mənəvi dəyərlərin təbliği sistemli və ardıcıl formada deyil, pərakəndə şəkildə aparılır. Televiziyada, çap mediasında, sosial şəbəkələrdə mənəvi dəyərlərin təbliği bir çox hallarda ziyalı qələm sahibləri tərəfindən aparılır. Media qurumlarının, verilişlərin, rubrikaların və qəzet-saytların adını çəkmədən demək olar ki, bu istiqamətdə niyyət güclü duyulur - bu müsbətdir. Ancaq bu gün təbliğ olunmalı o qədər sahə və mövzu açılır ki, dünya informasiya məkanından Azərbaycana böyük həcmdə informasiya axını olur. Bu situasiyada, əlbəttə, fərd olaraq jurnalistin, qələm sahibinin ümumi mənzərəni görməsi, lazımi hədəfi düzgün seçməsi çətinləşir. Bu, məsələnin mənfi tərəfidir, narazılıq doğurmasa da, narahatlıq yaradır. Narahatlıq da oradan irəli gəlir ki, mediada səsləndirilmiş ziddiyyətli fikirlər, mübahisələr, münaqişələr Azərbaycan mədəniyyəti və tarixi barədə məlumatların nizamsız şəkildə, etibarlı mənbələrə əsaslanmadan yayılmasına, son nəticədə isə Azərbaycanın informasiya təhlükəsizliyinə zərbə vurur.

Bütün neqativ hallara baxmayaraq dövlət kənardan milli və mənəvi dəyərlərin qorunması üçün mütəmadi olaraq addımlar atır. Bu təbliğatı aparan mətbuat orqanları da az deyil .Lakin üstünlük təşkil etməsi daha yaxşı olardı. Çünki, dövlət başçısı mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf etdirilməsi ilə bağlı ardıcıl olaraq işlər görür. Cəmiyyətimizdə mənəvi dəyərlərin yüksəldilməsi baxımından Heydər Əliyev tərəfindən müəyyən edilən yol Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev ulu öndərin əsasını qoyduğu mütərəqqi ənənələri layiqincə yaşadır, mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dini mərasimlərdə, iftar mərasimində iştirak etməsi, dindarlarla mütəmadi görüşləri, müsəlman dövlətlərinin səfirlərini qəbul etməsi, ölkə vətəndaşlarına təbrik ünvanlaması dövlət başçısının mənəvi dəyərlərimizə nə qədər bağlı olmasının təcəssümüdür.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Mənəvi-Dəyər  





Xəbər lenti