Şuranın hazırladığı “İnnobank” təqdim olundu

Şuranın hazırladığı “İnnobank” təqdim olundu
  03 İyul 2019    Oxunub:1551
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası SƏLİS çərçivəsində hazırladığı “İnnobank” İdeya və Elektron Resurslar Xidmətinin təqdimatını keçirib.
Azvision.az -ın məlumatına görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, “İnnobank” İdeya və Elektron Resurslar Xidməti ictimai əhəmiyyətli ideyaları toplamaq, QHT sektorunda çalışanların potensialını üzə çıxarmaq, onların bilik və bacarığını artırmaq, QHT-lərin fəaliyyəti haqqında məlumatları ictimailəşdirmək və onların elektron bazasını yaratmaq məqsədilə yaradılıb.

Şuranın beynəlxalq əlaqələr bölməsinin rəhbəri Toğrul Məmmədli “İnnobank” İdeya və Elektron Resurslar Xidməti haqqında geniş təqdimatla çıxış edib.

“İnnobank” beş xidmət bankını özündə birləşdirir: İdeya bankı; Ekspert və kadr bankı; Könüllü bankı; Təlimçi bankı və Hesabat bankı. “İnnobank”ın xidmətlərindən istifadə etmək və məlumat yerləşdirmək üçün hər bir istifadəçi innobank.az saytında qeydiyyatdan keçməlidir.

“İdeya bankı”nda vətəndaşlar, dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar və QHT nümayəndələri tərəfindən ictimai əhəmiyyət kəsb edən yeni ideyalar toplanır. Bankda toplanan ideyalar QHT və digər istifadəçilər üçün açıq olacaq, onlar dövlət qurumları və beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq çərçivəsində bu ideyalardan istifadə edə biləcəklər. Bunun üçün hər bir vətəndaş və QHT nümayəndəsi “İnnobank”da “İdeya bankı” bölməsinə daxil olaraq ideyalarını yerləşdirə bilər. “Ekspert və kadr bankı”nda QHT sektorunda fəaliyyət göstərən, müvafiq bilik və bacarığa malik olan şəxslər haqqında məlumat toplanacaq. Burada toplanan məlumatlardan təkcə QHT-lər deyil, eyni zamanda, digər dövlət qurumları və özəl şirkətlər də yararlana bilərlər. Bu bankda ekspert xidməti göstərən şəxslər barədə məlumatlar toplanacaq. İstənilən ekspert özü haqqında məlumatı “İnnobank”da qeyd olunan sahələr üzrə yerləşdirə biləcək. Ekspert xidmətindən istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın "Ekspertə müraciət et" bölməsinə daxil olaraq ekspertlər barədə məlumatlardan və onların xidmətlərindən istifadə edə bilər.

“Könüllü bankı”nda QHT, dövlət qurumları, bələdiyyə və özəl sektorda könüllü kimi çalışmaq istəyən şəxslər barədə məlumatlar toplanacaq. Könüllü olmaq istəyən şəxs qeydiyyatdan keçdikdən sonra “Könüllü ol” düyməsini seçərək özü haqqında məlumatları (CV, diplom, sertifikat və s.) daxil edəcək. Könüllü xidmətindən istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın "Könüllüyə müraciət et" bölməsinə daxil olaraq könüllülər barədə məlumatlardan və onların xidmətlərindən istifadə edə bilərlər.

“Təlim bankı”nda QHT-lərin ehtiyac duyduğu təlimlər və təlimçilər haqqında məlumatlar toplanacaq. Bunun üçün QHT-lər ehtiyac duyduqları təlimlər haqqında mövzuları "Təlim üçün müraciət et" bölməsində, təlimçilər isə özləri və təlim mövzuları haqqında məlumatları "Təlimçi" bölməsində yerləşdirəcəklər.
“Hesabat bankı”nda QHT-lər müxtəlif donorların dəstəyi ilə və müstəqil şəkildə həyata keçirdikləri fəaliyyətləri barədə illik hesabatlar yerləşdirə bilərlər. Bu hesabatlar QHT-lərin fəaliyyətində şəffaflıq, aşkarlıq və səmərəlilik əmsalının ölçülməsi baxımından ictimaiyyət üçün açıq olacaq.

Toplantıda çıxış edən QHT rəhbərləri Telman İsa, Cəsarət Hüseynzadə, Aqil Camal və digər şəxslər “İnnobank”ın əhəmiyyətini vurğulayaraq fikir və təkliflərini səsləndiriblər.

Azvision.az


Teqlər: QHT   Şura  





Xəbər lenti