Ölüm saçan yollar - Son günlər qəzalar niyə artıb?

 Ölüm saçan yollar  - Son günlər qəzalar niyə artıb?
  03 İyul 2019    Oxunub:3210
İyun ayında Azərbaycanın avtomobil yollarında 64 yol-nəqliyyat hadisəsi baş verib. Dəhşətli qəzalar nəticəsində 72 nəfər ölüb, 42 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövri ilə müqayisədə qəzalarda ölüm halları artıb. Cari ilin 6 ayında da qeydə alınan qəzalar dəhşət saçır. Belə ki, bu müddətdə respublikanın avtomobil yollarında 414 yol-nəqliyyat hadisəsi olub. Həmin qəzalarda 336 nəfər həlak olub, 497 nəfər xəsarət alıb.
Yay fəslində qəzaların və ölüm hallarının artması nə ilə əlaqədardır?

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Azvision.az -a bildirib ki, qəzaların artmasında müəyyən qədər mövsümün təsiri var. Belə ki, yay vaxtında həm piyadaların, həm də avtomobillərin hərəkətliliyi artır:

“Sürücülər bağ evlərinə, müxtəlif rayonlara gedirlər. Bu zaman yollarda hərəkətlilik artır. Qəzaların artmasında müəyyən qədər mövsümlə bağlılıq var. Lakin biz dəqiq, intizamlı yol hərəkəti iştirakçısı olsaq, qəzaların sayında artım olmaz. İstənilən şəraitdə düzgün davranış variantını seçməliyik. Bunu etmədikdə, acı mənzərələrlə qarşılaşırıq”.



Ekspert qeyd edib ki, yolların təmirindən sonra qəzaların çoxalması da diqqətdən yayınmır: “Burada insan amili əsas rol oynayır. Rahat yol var, yüksək sürətlə hərəkət edirlər. Nəticədə bəzi sürücülər şəraiti nəzərə ala bilmirlər, doğru sürət rejimi seçmirlər və qəzalar baş verir. Bununla bağlı bir neçə rayonda araşdırma aparmışam. Məsələn, deyirlər ki, filan yol yenilənəndən sonra ölümlü qəzalar artıb. Ola bilər ki, yollarda müəyyən texniki qüsurlara yol verilir. İşıqlandırma ilə, nişanlarla bağlı məsələlər ola bilər. Ümumi mənzərə odur ki, yeni çəkilən yol yüksək sürətlə hərəkətə imkan verdiyi üçün peşəkarlığı aşağı səviyyədə olan, yol hərəkətinin təhlükəsizliyinə dair məlumatı zəif olan sürücü səhvə yol verir. Burada belə çıxmasın ki, yolları dağıdaq və sürə bilməsinlər. Yollar çox yaxşı olmalıdır. Sürücülər peşəkarlığa diqqət etməlidirlər. Ölkəmizdə sürücü peşəkarlığı problemi var. Peşəkarlıq qaydasında olsa, yeni çəkilmiş yolla daha yaxşı, təhlükəsiz, tez gedəcəksən”.



Yol qəzalarında piyada ölümlərinin çox olması ilə bağlı məsələyə münasibət bildirən Ə.Hüseynov hesab edir ki, piyadaların məsuliyyətsizliyi ölkəmizdə hər zaman aktual olub: “Bu da yol hərəkəti təhlükəsizliyinə dair məlumatlandırmanın zəifliyindən irəli gəlir. Piyadalar elə düşünür ki, sürücü onu görür. Düşünmək lazımdır ki, o səhv edə bilər. O baxımdan, piyadalar yollarda diqqətli olmalıdır. Baxırıq ki, piyadalar yüksək sürət olan yollarda və piyada keçidi olmayan yerlərdə vurulur. İntizamsızlıq xoşagəlməz mənzərəyə səbəb olur. Həm peşəkarlığın artırılması, həm də yol hərəkətinin təhlükəsizliyi ilə bağlı işlər görülməlidir”, - deyə ekspert vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Yol   Qəza   Ekspert  





Xəbər lenti