Kartla ödənişləri artırmaq lazımdır. Amma necə? – TƏHLİL

   Kartla ödənişləri artırmaq lazımdır. Amma necə? –    TƏHLİL
  08 İyul 2019    Oxunub:7440
Nağdsız hesablaşmaların genişlənməsi üçün tələb olunan ilkin şərtlərdən biri POS-terminalların təşkil edilməsidir. Bütün xidmət və ticarət obyeklərində bunların sayı çox olmaqla yanaşı, durmadan artmalıdır. Ancaq bizdə əksinədir. POS-terminalların sayı artmaq əvəzinə, azalır. 2016-cı illə müqayisədə 16% azalma var. Halbuki, istər dövlət, istərsə də özəl sektorda bütün əməkhaqqı, sosial və digər ödənişlər kartlar vasitəsilə həyata keçirilir.
Ümumiyyətlə, Mərkəzi Bankın (AMB) bu ilin may ayına olan məlumatına əsasən, dövriyyədə 6 milyon 968 min ədəd ödəniş kartı mövcuddur. Bu rəqəm demək olar, hər ay artmaqdadır. Məsələn, may ayına olan məlumata əsasən qeyd etdiyim rəqəmin tərkibinə daxil olan əməkhaqqı, kredit, sosial və digər kartların sayında aprel ayına nisbətən artım qeydə alınıb.

Bu yaxınlarda bir sıra xidmət-ticarət şəbəkələrində POS-terminalların olmaması və yaxud mövcud olub, işləməməsinə münasibət bildirərkən vergilər naziri Mikayıl Cabbarov bildirdi ki, rəhbərlik etdiyi Nazirlik ümumiyyətlə, nağdsız hesablaşmaların genilənməsi üçün müvafiq qurumlarla sıx əməkdaşlıq edir. "Bununla belə, qeyri-nağd hesablaşmaların genişlənməsində daha çox hansı tərəfin maraqlı olduğu da nəzərə allnmalıdır",- deyə, nazir əlavə edib. O, xatırladıb ki, bu məsələdə sahibkarlar 1,29-2,37% arası komissiya haqqı ödəyirlər. Nazirin fikrincə, ən mühüm məsələ cəzasızlıq şəraitidir. Belə ki, mövcud qanunvericilik POS-terminalların quraşdırılmamasına görə heç bir məsuliyyət nəzərdə tutmur. Bu isə vergi ödəyicilərinə bəhanələr irəli sürmək üçün şərait yaradır.

Bəs POS-terminalların tətbiqinin genişləndirilməsi üçün qanunvericilikdə hansısa bir formada sərtləşdirməyə ehtiyac varmı? Ümumiyyətlə, POS-terminallardan istifadə məsələsində inzibati metodların tətbiqi və bunu gücləndirmək nə dərəcədə məqsədəuyğundur?

Bəli, məqsədəuyğundur. Ölkədə qeyri-nağd hesablaşmaların genişlənməsi üçün rəsmi səviyyədə artıq neçə illərdir genişmiqyaslı işlər aparılır və addımlar atılır. Lakin istənilən səviyyədə nailiyyətə nail olmaq hələ də mümkün olmayıb. Çünki bu, qısa müddət ərzində böyük uğurlara imza atılacaq bir iş deyil. O səbəbdən ki, birincisi, vətəndaşların buna marağı olmalı - onlar marifləndirilməlidir, ikincisi, stimullaşdırıcı elementlər genişmiqyaslı xarakter daşımalı, üçüncüsü isə, əhalinin gəlirləri də tələb olunan səviyyədə olmalıdır. Bunlar məsələnin ümumi tərəfləridir. Ancaq şübhəsiz ki, hər şeydən öncə, hər cür praktik şərait də mövcud olmalıdır.

Məsələn, xatırladım ki, bu ildən büdcə-vergi siyasətində həyata keçirilən müvafiq tədbirlər sırasında əlavə dəyər vergisi (ƏDV) üzrə cəlb olunan dövriyyəni tədricən genişləndirmək (topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətləri və sair), bu sahədə mövcud vergi güzəştlərini azaltmaq istiqamətində addımlar atmaq, o cümlədən, nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə pərakəndə satış və içtimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri vermək, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-in müəyyən hissəsini istehlakçılara qaytarmaq tədbiri də tədbiq olunmuşdu. Bunun mahiyyəti ondan ibarət idi ki, 2019-cu il yanvarın 1-dən fiziki şəxslərdən ibarət istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət və ya ictimai iaşə obyeklərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) nağdsız ödəmələr üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılmalı idi. Neft və qaz məhsulları istisna olmaqla...



Bu yenilik, yəni nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə pərakəndə satış və içtimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərinin verilməsi, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-nin müəyyən hissəsinin istehlakçılara qaytarılması, bu ildən etibarən Vergi Məcəlləsinə edilən 300-ə yaxın dəyişikliklər sırasında ən mühümlərdən biri sayılırdı.

Dəyişikliklər yanvardan qüvvəyə minsə də, vergilərin geri qaytarılması, daha dəqiq desəm, ticarət və iaşə müəssisələrində alver zamanı tutulan ƏDV-nin POS-terminallar və kassa çeki ilə edənlər üzrə uyğun olaraq 15% və 10% hissəsinin müştəriyə geri ödənişi mexanizmi aprel ayından işə salınacaqdı. Amma hələ də ortada heç nə yoxdur.

ƏDV kimi vergi növləri üzrə güzəştlər “kölgə iqtisadiyyatı”nı leqallaşdırmaq, ticarəti artırmaq və genişləndirmək, dövriyyəni sürətləndirmək və yüksəltmək, nağdsız hesablaşmalara stimul yaratmaq və s. üçün əlverişli vasitədir. Ancaq hər hansı bir effektiv vasitədən istifadə edilərək məqsədə tez çatmaq istənilirsə, əslində, yarımçıq iş görülməməli və addım atılmamalı idi.

Odur ki, nağdsız hesablaşmaların, əhalidə olan bank kartlarından onlayn alış-verişin genişləndirilməsi üçün hələ çox işlər həyata keçirilməlidir desəm, heç də yanılmaram. Bunların sırasında müvafiq inzibati metodların da tədbiqinə və qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac vardır ki, bilavasitə POS-terminallar ilə bağlı buna mütləq baxmaq lazımdır.

Yeri gəlmişkən, yuxarıda qeyd etdim ki, cari ilin mayına əsasən, dövriyyədə 6 milyon 968 min ədəd ödəniş kartları mövcuddur ki, bu rəqəm demək olar, hər ay artır. Sual yaranır ki, kartların sayı artdığı halda bəs, POS-terminalların sayı niyə azalır? Bu paradoks nədən irəli gəlir?

AMB-nin statistikasına əsasən, 2019-cu ilin mayında kartlar vasitəsilə həyata keçirilən qeyri-nağd ödənişlərin həcmi 363 milyon manat təşkil edib. Bu məbləğin cəmi 100 milyon manat ödəniş hissəsi POS-terminallar payına düşüb, qalan 247 milyon manatı elektron ticarət, 16 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşib.

Ona görə də, hesab edirəm, Vergilər Nazirliyinin POS-terminalların tətbiqi ilə əlaqədar cəza məsuliyyətinin olması ilə bağlı çıxış etdiyi təşəbbüs digər qurumlar tərəfindən də müsbət qarşılanmalı və bu sahədə Mili Məclisdə mütləq, müvafiq bir qanun qəbul edilməlidir. Nağdsız hesablaşma ən əsası dəqiq vergi ödənişi deməkdir. Vergidə inzibatçılığı artırmağın yolu isə həm də məhz bundan keçir...


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: POS-terminal   Kartla-ödəniş   Nağdsız-dövriyyə  





Xəbər lenti