Bakı Şəhər Prokurorluğunda işə qəbul üzrə müsabiqə başa çatıb
Bildirilib ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sisteminin daha da müasirləşdirilməsi konsepsiyası çərçivəsində imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli fərmanında prokurorluq orqanlarına məhkəmələrdə dövlət ittihamının müdafiəsi sahəsində olan fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi tövsiyə edilib.
Həmin Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin 2 böyük prokuroru və 23 prokuroru vəzifəsinə yeni namizədlərin seçiminin aparılması üçün Baş prokurorun 9 aprel 2019-cu il tarixli sərəncamı ilə Müsabiqə Komissiyası yaradılıb və 12 aprel 2019-cu il tarixdə həmin vəzifələrə təyinatlarla əlaqədar müsabiqə elan edilib.
Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinin iştirakı ilə keçirilmiş müsabiqənin yekununda komissiya tərəfindən yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri seçilərək Baş prokurora təqdim edilib.
Dövlət ittihamının müdafiəsi sahəsində əvvəllər iş təcrübəsi olmayan namizədlər cari il iyunun 10-dan 24-dək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən birgə kecirilən müvafiq ixtisasartırma kursuna cəlb olunublar və kursu uğurla başa çatdırıblar.
Hazırda müsabiqə nəticəsində müvəffəqiyyət əldə edən prokurorluq işçilərinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin müvafiq vəzifələrinə təyinatları aparılır.
Azvision.az
Teqlər: Bakı Prokurorluq