Leyla Əliyeva müalicə alan uşaqlarla görüşüb
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində olub. Burada Heydər Əliyev Fondunun vitse-prezidentinə müalicə olunan uşaqlar, onların reabilitasiya prosesi haqqında məlumat verilib. Leyla Əliyeva mərkəzdə müalicə olunan uşaqlarla görüşüb, onları müxtəlif hədiyyələrlə sevindirib.
1971-ci ildə inşa edilən bu mərkəzin, həmçinin cərrahiyyə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında da müstəsna xidmətləri var.
Leyla Əliyeva kollektivə uğurlar arzulayıb, burada müalicə olunan uşaqlara şəfa diləyib.
Daha sonra Leyla Əliyeva Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutuna gəlib.
Heydər Əliyev Fondunun vitse-prezidentinə institutun fəaliyyəti və burada aparılan müalicə prosesi barədə məlumat verilib. Leyla Əliyeva bu səhiyyə müəssisəsində tətbiq edilən distant təhsil layihəsi ilə də tanış olub. Səhiyyə və Təhsil nazirliklərinin dəstəyi ilə reallaşan bu layihə burada müalicə olunan məktəbyaşlı uşaqlar üçün distant təhsil almaq imkanı yaradır.
Ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi olan bu müalicə ocağında xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Talassemiya Mərkəzində olub. Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı çox mühüm tədbirlər görür, bu istiqamətdə ixtisaslaşmış peşəkar kadrların yetişməsi üçün zəruri proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzi bu xəstəlikdən əziyyət çəkən insanların şəfa ocağına çevrilib. Elə mərkəzin yaradılmasında da əsas məqsəd ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə, eləcə də tibbi xidmətlə təmin olunmasıdır.
Azvision.az
Teqlər: HeydərƏliyevFondu LeylaƏliyeva