Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmiləri Monqolustanda olub

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmiləri Monqolustanda olub
  12 İyul 2019    Oxunub:2959
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Prokurorluğu bir sıra ölkələrin prokurorluq, ixtisaslaşdırılmış anti-korrupsiya və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələrin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.
Baş Prokuroluqdan Azvision.az-a verilən məlumata görə, bu çərçivədə Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub. Belə ki, 2018-ci ilin noyabr ayında Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə ölkəmizdə səfərdə olmuş, səfər müddətində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti arasında “Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Əməkdaşlıq əlaqələrinin inkişafının davamı olaraq əldə olunmuş razılığa əsasən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanlı həmkarının dəvətilə cari il iyulun 9-dan 11-dək Monqolustanın paytaxtı Ulan-Bator şəhərinə səfər edib.

Səfər çərçivəsində iyulun 9-da Monqolustanın Böyük Dövlət Xuralının sədri Gombojavın Zandanşatar nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətimizi salamlayan G.Zandanşatar son dövrlər Monqolustan və Azərbaycan Respublikası arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən məmnunluğunu ifadə edib. Mövcud müsbət tendensiya fonunda ixtisaslaşmış anti-korrupsiya və digər cinayət təqibi orqanlarının birgə əməkdaşlığının strateji konturları və inkişaf perspektivlərinə toxunan Böyük Dövlət Xuralının sədri çıxışında həmçinin, qarşılıqlı əlaqələrin cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizədə hər iki tərəfin fəaliyyətinə mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Monqolustan Prezidenti cənab Xaltmaaqiyn Battulqa arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə ətraflı məlumat verib. K.Əliyev çıxışında həmçinin, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn tövsiyə və tapşırıqların icrasının ölkəmizdə qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi prosesinə mühüm dəstək verdiyini xüsusi qeyd edib.

Daha sonra Azərbaycan nümayəndə heyəti ilə Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqçiyin arasında ikitərəfli görüş keçirilib.

Görüşdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman barədə ətraflı məlumat verən K.Əliyev bu sənədin ölkə ictimaiyyəti tərəfindən korrupsiya ilə mübarizə sahəsində aparılan mühüm institusional islahatlar fonunda atılmış növbəti mütərəqqi addım kimi qiymətləndirildiyini bildirib. Bununla yanaşı K.Əliyev geniş hüquqi tənzimləmə dairəsi baxımından bir çox sahələri əhatə edən sözügedən sənədin prokurorluğun fəaliyyəti üçün də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə də məlumat verib.

Nümayəndə heyətinin rəhbəri K.Əliyev, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti qismində BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən BPA-nın əsas istiqamətləri və fəaliyyəti ilə əlaqədar məsələlərə də toxunmuş, bununla əlaqədar Monqolustan Baş Prokurorluğu ilə BPA arasında qurulmuş əməkdaşlıq münasibətlərininin ayrı-ayrı sahələri, habelə Assosiyasiyanın səmərəli fəaliyyətindən daha çox faydalanmaq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparıb.

Daha sonra K.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Monqolustanın Ədliyyə və Daxili İşlər naziri ilə görüşüb. Görüşdə K.Əliyev Azərbaycan Respublikasında analoji qurumların struktur və funksiyaları, habelə bu sahələrin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar barədə məlumat verib. Qarşı tərəf ölkəmizin bu sahədə təcrübəsinə böyük maraq doğurmuş, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Tədbirin gündəliyinə uyğun olaraq iyulun 9-da ölkəmizin nümayəndə heyəti Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəisi Daşdavaa Zandraa ilə görüşüb. Xidmətin inzibati binasında keçirilən görüşdə tərəflər arasında müasir dövrümüzdə transmilli xarakter daşıyan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional səylərin daha da artırılması yönündə geniş fikir və təcrübə mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki ölkənin daxili mübarizə resurslarını gücləndirmələri ilə yanaşı, beynəlxalq müstəvidə də vahid və qətiyyətli mövqedən çıxış etmələrinin vacibliyi vurğulanıb. Tədbirdə eləcə də, iki qurumun fəaliyyətinə dair təqdimatlar nümayiş edilib. Nümayəndə heyətinin rəhbəri həmçinin, Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin mətbuat xidmətinə qurumu maraqlandıran suallar ətrafında müsahibə verib.

Nümayəndə heyətimiz səfər çərçivəsində Monqolustanın milli bayramı olan NAADAM bayramında iştirak edərək bu ölkənin milli mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olub.



Azvision.az


Teqlər: BaşProkuroluq   Korrupsiya  





Xəbər lenti