AQTA Xətaidə reyd keçirib

AQTA Xətaidə reyd keçirib
  12 İyul 2019    Oxunub:1528
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, paytaxtın Xətai rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Xətai Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

AQTA əməkdaşları 27.06.2019-cu il tarixdən 11.07.2019-cu il tarixədək Xətai rayonunun Cavanşir, M.Hadi, G.Şıxlinski, K.Kərimov, Q.Nəbi və R.Bayramov küçələrində 58 ünvanda fəaliyyət göstərən məntəqədə olublar. Məntəqələrdə satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

AQTA qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarları müasir heyvan kəsimi fəaliyyəti sahəsində aktiv fəaliyyətə dəvət edir və bu istiqamətdə Agentliyin mütəxəssisləri tərəfindən müraciət edən sahibkarlara peşəkar və metodiki köməkliklərin göstəriləcəyini bildirir.

Azvision.az


Teqlər: AQTA   Xətai  





Xəbər lenti