1766 namizəddən 440 nəfər uğur qazanıb - Statistika

1766 namizəddən 440 nəfər uğur qazanıb -    Statistika
  15 İyul 2019    Oxunub:1847
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilmiş imtahanda iştirak edərək ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatları açıqlayıb.
DİM-dən Azvision.az -a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1263 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 365-i imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 503 nəfər isə məlumatları “Dövlət qulluqçularının reyestri” sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 68 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 20 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 369 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 44 nəfər müvəffəqiyyət qazanıb.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 66 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 11 nəfər uğur qazanıb.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 440 nəfər (24,9 faiz) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Müsahibə elanları mütəmadi olaraq saytımızda yerləşdirilir.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti