BDU-da yeni fənn tədris olunacaq

BDU-da yeni fənn tədris olunacaq
  18 İyul 2019    Oxunub:2714
Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan Azvision.az -a verilən məlumata görə, görüşdə ali məktəbin rektoru Elçin Babayev universitetin yeni inkişaf strategiyası, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələri və yaxın gələcək üçün planları haqqında danışıb.

Səfir Zoltan Hernyes Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi, bu istiqamətdə görülən işlər və jurnalistika ilə bağlı çap edilən vəsaitlər barədə məlumat verib.

Səfir layihə çərçivəsində hazırlanmış “Gender bərabərliyi və media azadlığı” kursu üzrə kurikulumu rektora təqdim edib, proqramın hazırlanmasında jurnalistika və hüquq fakültələrinin müəllimlərinin iştirakına yaratdığı şəraitə görə minnətdarlığını bildirib. Bu kurs üzrə proqramın Avropa Şurası ölkələrində ilk dəfə keçirildiyini vurğulayan Zoltan Hernyes gələcəkdə bu təcrübədən digər ölkələrdə də istifadə olunacağını qeyd edib.

Rektor Elçin Babayev gender bərabərliyinin təşviqində medianın rolunun əvəzsiz olduğunu bildirib və bu istiqamətdə yeni düşüncə tərzinə malik jurnalistlərin yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra “Gender bərabərliyi və media azadlığı” fənninin jurnalistika fakültəsinin tədris planına salınması ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa Şurasının “Gender bərabərliyi və media azadlığı” layihəsinin rəhbəri Pərvanə Bayramova və BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev iştirak ediblər.

Azvision.az


Teqlər: BDU  





Xəbər lenti