Azərbaycanda 300-ə yaxın məktəbəqədər qrup açılacaq

 Azərbaycanda 300-ə yaxın məktəbəqədər qrup açılacaq
  18 İyul 2019    Oxunub:2362
Yeni tədris ilindən icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılması nəzərdə tutulur.
Təhsil Nazirliyindən Azvision.az - a verilən məlumata görə, Azərbaycanın 32 bölgəsində icma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə daha 300-ə yaxın belə qrup fəaliyyət göstərəcək. Bununla da bölgələrdə yaşayan 3 və 4 yaşlarında 6 minə yaxın uşaq məktəbəqədər təhsil imkanı əldə edəcək.

Qeyd edək ki, hazırda UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə iki layihə icra olunur. Layihələr çərçivəsində ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla Bakı, Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba, Xaçmaz, Şabran, Neftçala və Şirvanda ümumilikdə 100 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir. Hər mərkəzdə orta hesabla 20 nəfər olmaqla ümumilikdə 2000-dək 3 və 4 yaşlı uşaq məktəbəqədər təhsilə cəlb edilib. Mərkəzlərdə dərslər hər biri 2-2,5 saat olmaqla yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.

İcma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir, müəllimlərin köməkçisinə çevrilirlər.

Layihələrin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.

Azvision.az



Teqlər: TəhsilNazirliyi  





Xəbər lenti