Ukraynada inqilab başladı- VİDEO

Ukraynada inqilab başladı- VİDEO
  02 Dekabr 2013    Oxunub:1445
Əksər dövlət obyektlərini mühasirəyə alan Ukrayna müxalifətçiləri şəhər meriyasının binasını ələ keçirib və Prezident Administrasiyasının binasına hücum ediblər

AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Kiyevdə avrointeqrasiya tərəfdarları etiraz aksiyalarında yeni taktikaya əl atıblar. Onlar əsas hökumət obyektlərinin yerləşdiyi küçələri mühasirəyə alıblar.

Ötən gün Avropa meydanındakı mitinqin polis və “Berkut” xüsusi təyinatlı polis dəstələri tərəfindən dağıdılmasından sonra etirazçılar Ukrayna Parlamenti və Nazirlər Kabinetinin yerləşdiyi Qruşevski küçəsində giriş-çıxışı bağlayıblar. Əksər dövlət işçiləri binaya daxil ola bilməyiblər. Hökumət evinin qarşısına toplaşan minlərlə gəncin binanı ələ keçirməsinə mane olmaq üçün əraziyə xeyli canlı qüvvə cəlb olunub.

Ötən gecə Prezident Administrasiyasının qarşısında baş verən toqquşmalarda isə azı 40 nəfər jurnalist xəsarət alıb. Onların arasında Euronews, New York Times, Assosiated Press və digər dünya KİV-lərinin onlarla əməkdaşı var.

“Mixaylovsk” meydanında çıxış edən fəallar ölkə əhalisini dekabrın 2-də ümumxalq tətili etməyə çağırıblar. Və bildiriblər ki, bu gün Kiyevdə ictimai nəqliyyat işləməyəcək. “Mixaylovsk”dakı mitinqə Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviç, Avropa Parlamentinin keçmiş rəhbəri Yeji Buzek, Polşa hökumətinin keçmiş rəhbəri Yaroslav Kaçinski də qoşulub. Kaçinski bildirib ki, indiki məqamda Polşanın Ukrayna xalqının yanında olub onu dəstəkləməsi olduqca vacibdir.

Qadağaya baxmayaraq, aksiyaçılar yerli vaxtla saat 13 radələrində yenidən paytaxtın baş meydanına - “Müstəqillik” meydanına giriblər. Şevçenko parkından hərəkətə başlayan etirazçılar meydana çatanda polislər ərazini tərk ediblər. Aksiyaçılar Yeni il yolkası qurmaq üçün gətirilən texnika və avadanlıqları meydandan təmizləyiblər. Yolka üçün quraşdırlan dirəyə isə Avropa Birliyinin bayrağını asıblar.

Qeyd edək ki, Daxili işlər naziri mitinq iştirakçılarına qarşı hədsiz güc tətbiq olunmasına görə xalqdan üzr istəyib: “Mən mitinq iştirakçılarının meydandan dağıdılmasının əleyhinə idim. Bu, Daxili Işlər Nazirliyinin planında olmayan bir addım idi. Hadisəni törədənlər ciddi cəzalandırılacaqlar”.

Lakin Zaxarçenko aksiyaçıları hökumət qüvvələrinə tabe olmağa çağırıb, əks halda, polisin müdaxilə etmək məcburiyyətində qalacağını bildirib: “Mən istəməzdim ki, cəmiyyəti bu olaylara qatsınlar. Biz hara gedirik? Axı, hansı qanlı döyüş gedir? Biz Liviyaya və Tunisə bənzəmək istəyirik? Əgər kütləvi iğtişaşlara çağırışlar olsa, biz reaksiya verməli olacağıq”.

Noyabrın 21-də Ukraynanın Avopa Birliyinə inteqrasiyası tələbi ilə başlanan etiraz aksiyaları artıq hökumətin istefasını tələb edir.

Artıq Kiyev şəhər milis idarəsinin rəisi Valeri Koryak istefa etməsi barəsində raport yazıb.

Bu arada prezident Yanukoviçin rəhbərlik etdiyi hakim Regionlar Partiyasında da istefalar başlayıb. Partiyanın 4 üzvü İnna Boqoslovskaya, David Jvaniya, Nikolay Rudkovski və Vladimir Melniçenko Regionlar partiyasından istefa veriblər.

Ukraynanın xalq deputatı Nikolay Rudkovski Regionlar Partiyasının parlament fraksiyasını tərk etdiyini və birləşmiş müxalifətin tərəfinə keçdiyini bildirib. Deputat Kiyevdə aksiyanın dağıdılmasından sonra bu addımı atmaq qərarına gəldiyini deyib. O, hökumətin istefasını tələb edib. “Əksər həmvətənlərim kimi, hesab edirəm ki, Ukrayna Avropadır”, - deyə Rudkovski bildirib.
Radanın daha iki deputatı - David Jvaniya və Inna Boqoslovskaya da Regionlar Partiyasının parlament fraksiyasını tərk etmək niyyətlərini açıqlayıblar. Sonuncu həm də hakim partiyadan çıxmağı planlaşdırır. Hakim partiyadan deputat Viktor Bondar isə deyib ki, Regionlar Partiyasını 20-yə yaxın deputatın tərk edəcəyi gözlənilir.





AzVision.az


Teqlər:  





Xəbər lenti