Rusiya Ukraynaya hərbi müdaxilə edə bilər

 Rusiya Ukraynaya hərbi müdaxilə edə bilər
  02 Dekabr 2013    Oxunub:1050
Ukraynalı deputat Rusiyanı hərbi müdaxiləyə səslədi
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Krım Məclisinin deputatı Sergey Smolyaninov rus qoşunlarının Ukraynaya yeridilməsi təklifi ilə çıxış edib. Bununla bağlı o, RF prezidenti Vladimir Putinə müraciət edib.

“Xahiş edirəm ki, ABŞ və NATO aqressorlarından müdafiə üçün Ukrayna hökuməti Rusiya Silahlı Qüvvələrinin ölkəyə müdaxiləsi prosesini razılaşdırsın”.

Smolyaninov əlavə edib ki, hazırda Ukraynada Qərb xüsusi xidmət orqanları və onların yerlərdəki əlaltıları qanuni hökuməti devirmək üçün “iğtişaşlar, qarşılığında pul ödənilən mitinqlər və KİV-lər vasitəsilə informasiya hücumu” təşkil edirlər.

Bu arada müxalifət liderləri isə bəyan ediblər ki, Prezident Administrasiyasına hücumun onlara aidiyyəti yoxdur. Bunu Yanukoviç hökumətinin özü təşkil edib. Məqsəd də Kiyevdə fövqəladə vəziyyət elan etməkdir. “Təxribatlara getməyin, radikal addımlardan uzaq olun, polisə hücum etməyin, Administrasiya binasını almağa cəhd etməyin, hökumət nümayəndələrinə nümayişi dağıtmaq üçün əsas verməyin”, - deyə müxalifət liderləri aksiyaçılara müraciət ediblər.

Vitali Kliçko əlavə edib ki, onlar təxribatın və qan tökülməsinin əleyhinədilər. Hökumət isə bunun tərəfdarıdır və bu yolla dinc nümayişləri iflic vəziyyətə salmağa çalışır. Liderlər ümumxalq tətili elan edərək insanları meydanlarda qalmağa səsləyiblər və çadır şəhərciyi quracaqlarını bildiriblər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti