“İlk dəfə 12 yaşında Kürü üzüb keçmişəm” - Aydın Mirzəzadə

“İlk dəfə 12 yaşında Kürü üzüb keçmişəm” -  Aydın Mirzəzadə
  29 İyul 2019    Oxunub:2731
Milli Məclisin deputatı Aydın Mirzəzadə son günlər dənizdə batma hallarının artmasına münasibət bildirib.
Azvision.az xəbər verir ki, deputat bununla bağlı xəbərləri ürək ağrısı ilə qarşıladığını söyləyib.

"Son günlər demək olar ki, hər gün suda adam batması ilə bağlı xəbərlər eşidirik. Ən dəhşətlisi isə insanlarımızın qrup halında batmasıdır. Bu xəbərlər hamı kimi mənim də ürəyimi ağrıdır. Mən Mingəçevirdə Kür çayı qırağında böyümüşəm. Uşaq vaxtlarından üzməyi öyrənmişəm, bütün üzgüçülük növlərini bilirəm. İlk dəfə 12 yaşında Kürü üzüb keçmişəm, 13 yaşımda bir erməni ilə mərc gəlib Kürü o taya keçib, o dəqiqə də geri üzmüşəm. İndi də pis üzmürəm. Amma bütün bunlara baxmayaraq, sudan qorxuram. Çünki, su zarafatı və ehtiyatsızlığı heç zaman bağışlamır", - deputat qeyd edib.

A.Mirzəzadə əlavə edib ki, suda batan insanlar bir qayda olaraq ya zəif üzürlər, ya içkili olurlar, ya da üzmək üçün yararsız yerdə suya baş vururlar: "Faciənin nəticəsini isə ömür boyu batanın yaxınları çəkirlər. Batanlar bir qayda olaraq yeniyetmə və gənclərdir. Hər batan gənc hardasa ərə getməyən bir ismətli qız, anadan olmayan azı iki nəfər uşaq, ömrü boyu faciənin ağrısını çəkən valideynlər, bacı-qardaşlar deməkdir. Gənclər, su ilə zarafat etməyin, özünüzü qoruyun".

Azvision.az


Teqlər: Su   Boğulma  





Xəbər lenti