Aqrar məhsullar niyə bahadır? – TƏHLİL

   Aqrar məhsullar niyə bahadır? –    TƏHLİL
  29 İyul 2019    Oxunub:7173
Ölkə iqtisadiyyatında stabil vəziyyət davam edir, bunun əsasında müşahidə olunan müvafiq aktivlik öz tempini qoruyub saxlayır. Söhbət cari ilin birinci yarısında, yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 37,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4% çox ümumi daxili məhsulun (ÜDM) istehsal edilməsindən gedir. Qeyd olunan dövrdə qeyri neft-qaz sektorunda 3,2%, neft-qaz sektorunda isə 1,3% artıq əlavə dəyər istehsal olunub. Sözsüz ki, bütün bunlar yaxşı göstəricidir.
Lakin, qiymətlər də yüksəlir. Rəsmi statistikaya əsasən, 2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsulları və xidmətlərinin qiymətləri 2,5%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,7, qeyri-ərzaq 1,3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,2% yüksəlib. Bütün bunlar ortaq rəqəmlərdir, bir sıra ərzaq məhsulları isə çox bahalaşıb. Odur ki, sual yaranır: bəs, 2,4% artım nə anlam daşıyır?

Qeyri neft-qaz sektorunda 3,2% artım qeydə alınıb ki, bu rəqəm neft-qaz sektorundakından üstün olub. Diqqəti cəlb edən bir cəhət odur ki, sözügedən müddətdə aqrar istehsal da genişlənib. 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul 13,0%, o cümlədən, bitkiçilik məhsulları 25,6%, heyvandarlıq məhsulları istehsalı isə 2,9% artıb. Sözügedən ötən 6 ay ərzində 13% kiçik rəqəm deyil, son vaxtlar aqrar sektorun inkişafı üçün görülən işlərin nəticəsidir ki, özünü büruzə verir. Bəs, ən çox niyə məhz ərzaq məhsulları bahalaşır?

Aqrar məhsulların bahalaşmasını bu amillərlə izah etmək olar: birincisi, Azərbaycanda bir sıra aqrar məhsulların istehsal xərci olduqca yüksəkdir, ikincisi, subyektiv amillər - daşınma, süni qiymət artımı mövcuddur, üçüncüsü, bayaq qeyd etdiyimə uyğun olaraq, son vaxtlar aqrar sektorun inkişafı üçün görülən işlər nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı da artdığından, bu özü də daxili bazarlarda qiymət artımına bu və ya digər formada təsir edir (bunu hələ tənzimləmək mümkün deyil), dördüncüsü və ən mühümü isə, əhalinin minimum gəlirləri artıb.

Məlumdur ki, sentyabrdan minimum əməkhaqqı, oktyabrdan isə minimum pensiya məbləği artırılacaq. Və bununla əlaqər olaraq ilin sonunadək dövriyyəyə əlavə nağd vəsaitlər daxil olacaq. Bunun özünün də aqrar məhsullarının bahalaşmasına dolayı təsirləri var. Həmçinin, digər faktor iqlim şəraitidir. Məlumdur ki, yazın əvvəli hökm edən əlverişsiz hava şəraiti nəticəsində əksər kənd təsərrüfatı məhsulları zədələndi və məhv oldu.

Lakin əsas problem heç də bunda deyil. ÜDM-in təxminən, yarısı sənayenin payına düşür. Daha sonra ticarət (9,9%), nəqliyyat və anbar təsərrüfatı (6,2%), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (2,6%), turistlərin yerləşdirilməsi və ictimai iaşə (2,6%), informasiya və rabitə sahələri (1,7%) və digər sahələr (14,5%) gəlir.

Demək istədiyim budur ki, aqrar sektorda 6 ayda 13% deyil, 15-20% artım da əldə olunsa idi belə, ÜDM-də payı azdır. Bahalaşmadan danışanda bu amili nəzərə almırıq. Nəzərə almırıq ki, bazar tam təmin olunmur və tələbin artım tempi təklifi üstələyir. Ölkədə kənd təsərrüfatı məhsulları sarıdan daxili bazarda mövcud tələbin tam ödənilməsi üçün bu sahədə istehsalın payı 10%-dən yuxarı təşkil etməlidir. Bizdə isə bu rəqəm 6% civarındadır.

Bəli, Azərbaycanda dövlət aqrar sektorun inkişafı üçün bütün mümkün vasitələrdən istifadə edir və etməyə çalışır. Qeyri-neft sektorunun inkişafı ciddi şəkildə nəzarətə götürüldükdən sonra aqrar sahənin inkişafı üçün atılan addımlar daha geniş miqyas alıb. Lakin aqrar sektor elə sahədir ki, görülən işlərin istənilən nəticə verməsi qısa müddətdə mümkün deyil. Ölkə iqtisadiyyatında bu sahədə torpaq vergisindən başqa vergi tələb olunmur, bu cür güzəştin özü belə, hələ də istənilən nəticəni verməyib. Bundan əlavə, əsasən bitkiçilikdə olmaqla kənd təsərrüfatı yeganə sektordur ki, dövlət burada subsidiyalaşdırma həyata keçirir. Lakin bazar yenə də idxaldan asılı vəziyyətdədir. Kreditləşdirmə də çox güzəştli xarakter daşıyır və ildən-ilə təkmilləşdirilir. Ümumiyyətlə, son illər bütün bu işlər intensiv hal alıb və nəticədə də istehsal əhəmiyyətli dərəcədə artır.

Ancaq bahalaşmanın qarşısını almaq çətindir. Ona görə ki, şərhlərimin birində də qeyd etdiyim kimi, bəli, elə şərait var ki, qiymətləri çox da basqı altında saxlamaq olmaz və bu, mümkün də deyil. Xüsusən də, iqtisadi artımla bağlı tendensiya sarıdan qiymətlərin qalxmasına təsir və zəmin yaradan elementləri çərçivəyə almaq yolverilməzdir. Amma bazarın hər hansı bir seqmentində və yaxud da hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir və verilmir də... Bununla belə, bazarın təklif sarıdan normal təmin olunması da əsas şərtdir.

Ümumiyyətlə, real vəziyyətdən çıxış yolu odur ki, hökumət, xüsusən bilavasitə aqrar sahənin inkişafına cavabdehlik daşıyan Kənd Təsərrüfatı Nazirliyi kənd məhsullarının istehsalının genişlənməsi üçün tədbirləri intensivləşdirərkən ixrac potensialı ilə daxili tələbatın uzlaşdırılması məsələsini diqqət mərkəzində saxlasın. Paralel olaraq, istehsalçıların xərclərini artıran təsirlər azaldılsın. Bu iki amil yerinə yetirilərsə, ölkə bazarlarındakı mövcud bahalaşmanın davamlığının qarşısı alınar.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Kənd-təsərrüfatı   Ərzaq  





Xəbər lenti