Zabit və əsgərlərlə görüş keçirilib

Zabit və əsgərlərlə görüş keçirilib
  29 İyul 2019    Oxunub:1874
İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Daxili Qoşunların Baş İdarəsi arasında təsdiqlənmiş Tədbirlər Planına əsasən daxili qoşunların Hacıqabul rayonundakı N saylı hərbi hissəsində zabit və əsgərlərlə görüş keçirilib.
Daxili Qoşunların mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan hərbi hissə komandiri mövzunun əhəmiyyətindən danışıb. Natiq bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.

Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dünyada gərginliyin artmasına və qanlı toqquşmaların baş verməsinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi və dini sabitliyin mövcud olduğunu vurğulayıb.

Sədr müavini dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə ətraflı məlumat verib. Səyavuş Heydərov vurğulayıb ki, dini radikalizmlə mübarizənin effektivliyinin artırılması üçün maarifləndirmə, preventiv və profilaktik xarakterli tədbirlərə üstünlük verilir. DQİDK bu istiqamətdə digər dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə tədbirlər həyata keçirir.

Milli təhlükəsizliyimizə əsas təhdidlərdən biri olan dini radikalizmin fəsadlarından bəhs edən S.Heydərov bildirib ki, bəzi qrupların din pərdəsi altında xüsusən gənclərimizi çirkin məqsədlərinə alət etməsinə və Azərbaycan gənclərinin bu məqsədlərə qurban getməsinə heç bir vəchlə imkan vermək olmaz. DQİDK sədrinin müavini onu da qeyd edib ki, İslam dininin siyasiləşdirilməsi cəhdləri onun terror və müharibədə qorxulu silaha çevrilməsinə səbəb ola bilər. İslamın sağlam təməllərinin əsas götürülməsinin önəminə toxunan sədr müavini bunun sayəsində bir çox problemli məsələlərin asanlıqla öz həllini tapa biləcəyini deyib.

Sonda zabit və əsgərlərin sualları cavablandırılıb.

Azvision.az


Teqlər: Hərbi-Hissə  





Xəbər lenti