Dövlət qulluğu üzrə 300-dək namizəd qeydiyyatdan keçib

Dövlət qulluğu üzrə 300-dək namizəd qeydiyyatdan keçib
  31 İyul 2019    Oxunub:1728
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan avqustun 18-də iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək olar.

İyulun 31-i saat 11:55-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 273 (BA - 62, BB - 211) namizəd qeydiyyatdan keçib. Qeydiyyat avqustun 9-u saat 16:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahanın yeri və vaxtı barədə məlumat veriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet”dəki pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Azvision.az



Teqlər: DİM   Qeydiyyat   Namizəd  





Xəbər lenti