Jurnalist olmaq istəyənlərin imtahan günü - FOTOLAR

Jurnalist olmaq istəyənlərin imtahan günü -  FOTOLAR
  01 Avqust 2019    Oxunub:2330
Dövlət İmtahan Mərkəzində (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriliB.
Azvision.az xəbər verir ki, imtahanda iyulun 22-dən 25-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub. Ümumilikdə, respublika üzrə 9 binada qabiliyyət imtahanları keçirilib.

İmtahanda DİM tərəfindən 256 mövzu hazırlanıb. Mövzular 3 kateqoriyaya bölünüb. Abituriyentlər ən azı 2 səhifə, maksimum 4 səhifə həcmində yazı yazmalıdırlar. İmtahandan öncə Mətbuat Şurasının üzvləri və KİV nümayəndələrinin iştirakı ilə abituriyentlər üçün mövzular seçilib.



Mətbuat Şurasının sədr müavini Ümid Mirzəyev bildirib ki, bu gün jurnalistikaya daha çox xanımlar meyillidir. "Valideynlər istəməsə belə, xanımlar bu ixtisası seçməyə maraqlıdır. Təsadüfi deyil ki, redaksiyaların işini onlar daha çox daşıyır. Jurnalist peşəsinə ölkənin ehtiyacı var. Lazımdır ki, bu peşəni seçənlər həm də özləri üçün əcnəbi dilləri bilsinlər. Ölkəmizin yanaşdığı problemlərlə bağlı proseslərdə fəal olsunlar".



U.Mirzəyev jurnalistlərə öz fikirlərini sərbəst ifadə etməyi tövsiyyə edib və ilk mövzunu seçib: "Bəzi insanlar tək halda səyahət etməyi sevir, bəziləri isə qrup halında. Siz hansını seçirsiniz. Seçiminizi izah etmək üçün konkret faktlar və təhlillər gətirin".



Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə bildirib ki, hazırda jurnalist fəaliyyəti göstərmək, azad sözün keşiyində durmaq üçün kifayət qədər şərait yaradılıb.



"Ölkədə bütün sahələrdə olduğu kimi jurnalistika sahəsində də islahatlar başlayıb. Qabiliyyət imtahanlarının tətbiq olunması ən qabiliyyətlilərin seçilib jurnalistikaya gəlməsi və yerlərin təsadüfi adamlar tərəfindən tutulmasının qarşısını almaq üçündür".

O, daha sonra ikinci mövzunu ("İnformasiyanın həyatımızda rolu") seçib. 3-cü mövzunu seçmək isə jurnalistə həvalə olunub - "Müasir dünyada jurnalistikanın rolu".



Hər 3 mövzu video-bağlantı vasitəsilə imtahan binasına ötürülüb. Bundan sonra imtahan binasında mövzular lövhəyə yazılıb. Saat 11:00-da imtahan başlayıb və 2 saat yarım davam edib.

İmtahan vaxtı zallar canlı müşahidə olunub. İmtahandan sonra yazılar skan edilərək anonim şifrələnib. Sabah yazı işlərinin yoxlanılmasına başlanılacaq. Hər bir işi 2 mütəxəssis yoxlayacaq. Onlardan biri Azərbaycan dili müəllimi, digər şəxs mütləq jurnalist olmalıdır.



Qeyd edək ki, ötən il jurnalistika ixtisası üzrə 225 qəbul planı ayrılıb, bunun 70 yeri dövlət sifarişli olub. Bu il isə qəbul imtahanı üçün 270 yer ayrılıb ki, bunun 105-i dövlət sifarişlidir.



Xatırladaq ki, Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 486 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 145 nəfərini oğlanlar, 341 nəfərini qızlar təşkil edib.



Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: DİM   Qabiliyyət   İmtahan  





Xəbər lenti