Son 210 ildə ilk dəfə

Son 210 ildə ilk dəfə
  03 Dekabr 2013    Oxunub:1047
İslandiya tarixində ilk dəfə olaraq axtarış əməliyyatları zamanı cinayətkar öldürülüb.
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, İslandiya polisi son iki əsrdə ilk dəfə odlu silahın tətbiqi ilə əməliyyat həyata keçirib. Nəticədə, öz evinin pəncərəsindən polisə atəş açan şəxs öldürülüb.
Hadisə Reykyavik şəhərinin şərqində yerləşən Arbera rayonunda baş verib. Evindən çıxmaqdan imtina edən 59 yaşlı şəxs polisə atəş açaraq onlardan ikisini yaralayıb. Şübhəli şəxsin özü də xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

İslandiya polisnin rəisi Haraldura Yohansen hadisənin ölkənin hüquq-mühafizə orqanlarının 210 illik tarixi ərzində ilk dəfə baş verdiyini bildirib və mərhumun yaxınlarına baş sağlığı verib.

Xatırladaq ki, 322 min nəfər əhalisi olan İslandiya adası cinayətkarlıq səviyyəsinə görə dünyada Sinqapur və Palau Respublikası ilə birlikdə sonuncu yerlərdə qərarlaşıb. 2009-cu ildə bu ölkədə odlu silahla bağlı 4 qətl hadisəsi, cari ildə isə 1 fakt qeydə alınıb. Halbuki, ölkə əhalisinin üçdə biri qeydiyyata alınmış odlu silaha malikdir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti