Bakıda İnformatika Olimpiadası keçirilir

Bakıda İnformatika Olimpiadası keçirilir
  05 Avqust 2019    Oxunub:2117
Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) keçirilir. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan olimpiada hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.
Azvision.az xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün ölkə komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq.

Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Bu gün Bakı Konqres Mərkəzində keçiriləcək rəsmi açılış mərasiminə iştirakçılarla yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Azvision.az


Teqlər: TN   İnformatika   Olimpiada  





Xəbər lenti