ABŞ-Türkiyə razılaşması Ankaranın xeyrinədir - ŞƏRH

 ABŞ-Türkiyə razılaşması Ankaranın xeyrinədir -  ŞƏRH
  08 Avqust 2019    Oxunub:3029
Ötən gün Türkiyə və ABŞ-ın Müdafiə Nazirlikləri Suriyanın şimalında bufer təhlükəsizlik zonası yaradılması barədə razılığa gəliblər. Əldə olunan razılaşmaya əsasən eni 30 kilometrdən 40 kilometrədək olacaq təhlükəsizlik zonası Türkiyə hərbçiləri tərəfindən ABŞ ilə əlaqələndirmə şəraitində nəzarətə götürüləcək.
PKK/YPG silahlı qruplaşmaları bu ərazidən təmizlənəcək və onların ağır silahları alınacaq. Həmçinin, Ankaranın terrorçu elan etdiyi təşkilatların tikdikləri tunel, səngər və istehkamlar dağıdılacaq. Bütün bu tədbirlərin həyata keçirilməsi üçün mərkəz qərargahı Türkiyədə olmaqla Birgə Əməliyyat Mərkəzi yaradılacaq.

ABŞ-Türkiyə razılaşmasını Azvision.az -a şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib ki, ortaq mövqeyin tutumasında Türkiyənin son aylar PKK-ya qarşı keçirdiyi uğurlu antiterror əməliyyatları mühüm rol oynayır.



Onun sözlərinə görə, Fərat çayının şərq hissəsi, eyni zamanda Menbiç deyilən region YPG/PYD terror təşkilatının nəzarətindədir: “Bu iki terror təşkilatının oradan uzaqlaşdırılması Türkiyənin təhlükəsizlik və xarici siyasətinin prioritetlərindəndir. Çünki bu təşkilatlar Türkiyənin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi üçün təhlükədir. Digər tərəfdən Türkiyə YPG/PYD-ni buradan çıxararaq regionun daxil olduğu böyük bir təhlükəsizlik zolağı yaratmaq istəyir. Türkiyə, həmçinin bu zolaqda Suriyadakı daxili müharibədən qaçaraq Türkiyəyə yerləşən suriyalıları yerləşdirmək niyətindədir”.

C.Vəliyevin sözlərinə görə, Suriyada İŞİD-ə qarşı döyüşlərdə YPG/PYD-dən istifadə edən ABŞ buna qarşı çıxır və Türkiyənin tək tərəfli müdaxilə etməyini istəmir: “Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin Suriyada "Fərat Qalxanı" və "Əl Bab" əməliyyatlarının uğurla nəticələnməsi və türk ordusunun nəzarət etdiyi regionlarda sabitliyin əldə olunması yeni əməliyyat üçün bir işarədir”.



Şöbə müdiri əlavə edib ki, Türkiyənin Fəratın şərqində tək başına əməliyyat keçirmək və bu zonaya tək başına nəzarət etmək tələbinə ABŞ qarşı çıxır və birgə nəzarəti müdafiə edir: “Digər tərəfdən Türkiyə daha geniş təhlükəsizlik zolağı yaradılmasını müdafiə edərkən, ABŞ bu zolağın dar və daha qısa olmasını istəyir. Ankarada iki ölkənin rəsmiləri arasında 5 avqust tarixindən etibarən davam edən görüşlərin nəticəsinə görə, həm təhlükəsiz regionun qurulması və Türkiyənin YPG/PYD ilə əlaqədar tələblərinin qarşılanması üçün Birgə Əməliyyat Mərkəzinin yaradılması qərarlaşdırıldı. Ümumiyyətlə, son aylarda Türkiyə ordusunun PKK terror təşkilatına qarşı uğurlu əməliyyatları Türkiyənin diplomatik müzakirələrdə mövqeyini möhkəmləndirdi. İyul ayında Türkiyə ordusu Türkiyə sərhədləri daxilində və İraqın şimalında PKK terror təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirdi. Bütün bunlar mühüm rol oynayır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: BMTM   Türkiyə   PKK   ABŞ  





Xəbər lenti