Dünyada bir milyard əlil var

Dünyada bir milyard əlil var
  03 Dekabr 2013    Oxunub:1082
BMT baş katibinin Beynəlxalq Əlillər Günü münasibətilə müraciəti yayılıb.

BMT-nin baş katibi Pan Gi Munun Beynəlxalq Əlillər Günü münasibətilə müraciəti yayılıb.

Müraciətdə deyilir ki, dünyada bir milyard insan əlil vəziyyətdə yaşayır. Biz əlilliyi olan şəxslərin cəmiyyətin həyatına qoşulması və iştirakı qarşısında duran bütün maneələri ləğv etməli, o cümlədən ayrı-seçkiliyi möhkəmləndirən münasibətləri dəyişməliyik.

Bildirilir ki, sentyabr ayında Baş Məclisinin əlillik və inkişaf mövzusunda yüksək səviyyəli yığıncağında təşkilata üzv dövlətlər əlilliyi olan şəxslərin təcrid edilməsinin nəinki onların həyatına, həm də icmaların və bütün cəmiyyətin inkişafına təsirlərini müzakirə etiblər. Burada əlilliyi ehtiva edən inkişafın dəstəklənməsi üçün milli və beynəlxalq səviyyədə tədbirlərin görülməsi öhdəlikləri bir daha bəyan olunub.

Müraciətdə vurğulanır ki, BMT sistemi bu təşəbbüsləri dəstəkləməkdə davam edəcəkdir. Biz infrastruktur və xidmətlərin hamı üçün inklüziv, ədalətli və dayanıqlı inkişafı dəstəklədiyinə əmin olmaq üçün daha böyük əzmlə çalışmalıyıq. Buraya əlverişli mühitin yaradılması vasitəsilə əlilliyi olan şəxslərin hüquq və mənafelərinə toxunan proseslərdə konstruktiv iştirakın təmin edilməsi daxildir. Bu məqsədlə biz BMT-nin qərargahında quruma Asan Çıxış Mərkəzini təsis edirik.

BMT-nin baş katibi bütün BMT sistemini və tərəfdaşları bu nümunəni davam etməyə, hökumətləri, işgüzar dairələri və vətəndaş cəmiyyətini əlilliyi olan bütün şəxslərin qarşısında duran maneələri aradan qaldırmağa və onlar üçün yeni imkanlara aparan qapıları açmağa çağırıb.


Teqlər:  





Xəbər lenti