Şagirdlər başqa məktəbə necə köçürülür? - Qaydalar

   Şagirdlər başqa məktəbə necə köçürülür? -    Qaydalar
  22 Avqust 2019    Oxunub:9509
Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycanın məktəblərinə yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, valideyn əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının “Ümumi təhsil informasiya” alt sisteminə daxil edilməsi üçün müraciət etməlidir.

Bildirilib ki, məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod) kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir. Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (digər qanuni nümayəndənin) sistemdən çap olunmuş ərizəsi əsasında verilir.

Qeyd edilib ki, məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq: “Valideyn (digər qanuni nümayəndə) övladının işğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəbə (bundan sonra – məcburi köçkün məktəbi) yerdəyişməsi üçün sorğu yerləşdirərkən elektron sistem vasitəsilə onun məcburi köçkün olması yoxlanılır. Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir.

Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilmir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün ailəsindən olmayan şagirdlər bu və ya digər səbəblərdən məktəbi dəyişmək istədikdə onlar təhsillərini yalnız yerli məktəbdə davam etdirə bilərlər. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Yerdəyişmə  





Xəbər lenti