AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dekabrın 3-də ABŞ-ın paytaxtı Vaşinqtonda separatçı Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 22 illiyi qeyd olunub.
Konqres binasında baş tutan tədbirdə “Dağlıq Qarabağ Respublikası”nın spikeri Aşot Qulyan, Ermənistanın ABŞ-dakı səfiri Tatul Marqaryan, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin sədri Edvard Roys, Senatın Xarici Siyasət komitəsinin sədri Robert Menendez, konqresmen Bred Şerman, Devid Çiçilline, Adam Şiff, Ceki Speir və s. şəxslər iştirak edib.
Yerli erməni diasporunun nümayəndələrinin iştirak etdiyi mərasimdə Aşot Qulyan Amerikanın Dağlıq Qarabağa birbaşa maliyyə yardımı göstərən yeganə dövlət olduğunu bildirərək bu yardımın davam etməsini xahiş edib. Qulyan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının önəmli olduğunu bildirib. Nümayəndələr Palatasındakı komitə sədri Edvard Roys isə Azərbyacanın silahlanmasının və müharibə hədələrinin yolverilməz olduğunu diqqətə çatdırıb. Amerikanın Erməni Milli Komitəsinin sədri Aram Amparyan da çıxışında erməni diasporu olaraq Qarabağa maliyyə yardımı göstərməyə davam edəcəklərinə söz verib.
Qeyd edək ki, Amerikanın qanunverici hakimiyyətinin yerləşdiyi Konqresdə hər il “Dağlıq Qarabağ”ın müstəqilliyi qeyd olunur. Konqresdə tədbir keçirmək hüququ yalnız irland, yəhudi və erməni diasporlarına verilir.
Vüqar İsmayılov