Ukraynada inqilab davam edir

Ukraynada inqilab davam edir
  05 Dekabr 2013    Oxunub:1250
Prezident Yanukoviç isə 6 günlük Çin səfərindən hələ qayıtmayıb
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada əsas meydanlarda etirazlar hələ də davam edir. Ali Rada, Prezident Administrasiyası və Nazirlər Kabinetinin qarşısında toplaşan kütlə prezidentin və hökumətin istefasını tələb edir.

Artıq meydanda düşərgə quran müxalifət nümayəndələri qida və yanacaqla təmin olunmağa başlayıblar. Məhkəmənin qərarı ilə Kiyevdə aksiya keçirmək qadağan olunsa da, sadə ukraynalılar buna məhəl qoymurlar. “Batkovşina” partiyasının sədri Arseni Yaçenyuk müxalifətin əsas məqsədinin Yanukoviçin istefasına nail olmaq olduğunu bildirib.

Bundan əlavə, müxalifət 30 noyabrda Avropa meydanındakı etirazçılara güc tətbiq edilməsinə görə Daxili İşlər Nazirliyi rəhbərliyinin cəzalandırılmasını tələb edir. Həmin vaxt “Berkut” xüsusi təyinatlılarının etirazçılarla toqquşması zamanı yüzlərlə insan, o cümlədən xarici jurnalistlər xəsarət almışdı. Meydana müdaxilə edilməsi barədə göstəriş verdiyini etiraf edən Kiyev Milis İdarəsi rəisi Valeri Koryakın istefa verməsinə və daxili işlər naziri Vitali Zaxarçenkonun buna görə xalqdan üzr istəməsinə rəğmən etirazlar davam edir.

30 noyabr toqquşmalarına etiraz əlaməti olaraq prezident administrasiyasının rəhbəri Sergey Levoçkin də postunu tərk etmişdi. Ukraynanın baş naziri Nikolay Azarov isə həm Avropa Birliyi, həm də Rusiya ilə danışıqlar aparıldığını bildirib. Avrointeqrasiya prosesinin sırf iqtisadi çətinliklərə bağlı dayandırıldığını bildirən baş nazir, Ukraynanın Rusiyadan aldığı qazın qiymətinin azaldılması üçün səylər göstərdiyin əlavə edib.

Bu arada Çində səfərdə olan prezident Viktor Yanukoviç çinli investorların Ukraynadakı infrastruktur layihələrinə, o cümlədən Kiyev ətrafındakı dairəvi yolun çəkilişinə cəlb olunması ilə bağlı razılıq əldə edib.

AzVison.az


Teqlər:  





Xəbər lenti