Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən layihə

Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən layihə
  28 Avqust 2019    Oxunub:2252
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi, müdafiə və mülki xarakterli elmi tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatı keçirilib.
AMEA-dan Azvision.az -a bildirilib ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə SETM-in müharibə şəraitində olan ölkəmiz üçün böyük əhəmiyyətə malik elmi tədqiqat işlərinin hazırlanması, yeni və mövcud layihələrin davam etdirilməsi, eləcə də yekun nümunənin aidiyyəti qurumlarla birgə sınaq işlərinin həyata keçirilməsi işlərini uğurla davam etdirdiyini söyləyib.

Akif Əlizadə Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin, eyni zamanda, çoxsaylı tədbirlərin davamı olaraq AMEA tərəfindən həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri üzrə layihələrin genişləndirilməsinin və inkişaf etdirilməsinin olduqca aktual olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə üç il əvvəl yaradılmış AMEA Yüksək Texnologiyalar Parkında bir sıra mühüm elmi-praktik nailiyyətlər əldə olunub, innovativ tədbirlər görülüb. Əsas məqsəd büdcədənkənar vəsait hesabına fundamental elmi istiqamətlərdə yeni layihələrə sərmayə yatırılması, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsidir.



SETM-in rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev mövcud və perspektiv elmi tədqiqat işləri barədə çıxış edib. Bildirilib ki, hazırda SETM ilə AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən müvafiq dövlət qurumları ilə birgə layihələr həyata keçirilir. Layihələrin həyata keçirilməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının xüsusi xidmətləri var.

Qeyd edilib ki, SETM-in əsas məqsədi və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi zamanı AMEA-nın aidiyyəti elmi müəssisə və təşkilatlarının, xüsusilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin mütəxəssislərinin layihələrə cəlb edilməsi, bu sahədə elmi tədqiqat, texnoloji, layihə-konstruktor, texniki istehsal hazırlığı, sınaq laboratoriyalarını özündə birləşdirən sistemin yaradılması olduqca əhəmiyyətlidir.

SETM-in rəhbəri ilin sonunadək bir neçə layihənin də təqdim olunmasının nəzərdə tutulduğunu söyləyib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının səlahiyyətli nümayəndəsi, polkovnik Arif Həsənov və SETM rəhbərinin müavini, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təqdim olunan hərbi məmulatın texniki parametrləri və potensial döyüş şəraitində istismarı barədə ətraflı məlumat veriblər.

Polkovnik Arif Həsənov bildirib ki, 2019-cu il mayın 1-dən 3-dək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərdə, həmçinin Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərində SETM-in hərbi məmulatları nümayiş olunub. Maksimal distansiya, mürəkkəb relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələri qarşıya qoyulmuş tələblərə tam cavab verib. Onların texniki parametrlərinə görə potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilib.

Bildirilib ki, Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən, SETM-in layihələrinin son hazır nümunələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunub.

Sonda yeni avadanlığın texniki göstəriciləri və istismarı ilə bağlı suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

Azvision.az


Teqlər: AMEA   Layihə  





Xəbər lenti