Yaşları 8-dən yuxarıdır, bu il hələ I sinfə gedəcəklər

  Yaşları 8-dən yuxarıdır, bu il hələ I sinfə gedəcəklər
  29 Avqust 2019    Oxunub:2044
2019-2020-ci tədris ili üzrə indiyə kimi 8 yaşdan yuxarı 28 nəfər I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib. Onlar əsasən, 2006-2010-cu il təvəllüdlü uşaqlardır.

Bu barədə Azvision.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, həmin uşaqların 12-si qız, 16-sı oğlandır. Onların əsasən ailə problemləri, müxtəlif xəstəliklər və digər üzrlü səbəblərdən I sinfə qəbulunun gecikdiyi məlum olur.
Qeyd edək ki, yaşı 8-dən yuxarı olan uşaqlar "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili nümunəvi tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər üzrə proqramlar müəyyən edilmiş saatlara uyğunlaşdırılır. Fərdi təhsil həftədə 4 gün təşkil olunur.
Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.

“Ümumilikdə, uşaqların vaxtında I sinfə qəbulunu subyektiv səbəblərdən ləngidən valideynlərə əsas tövsiyə ondan ibarətdir ki, bu kimi hallara maksimum dərəcədə yol verməsinlər. Bu halda uşaqların öz yaşıdları ilə müqayisədə inkişafı ləngiyir və onlar sonrakı illərdə istər tədris nailiyyətləri, istərsə də psixoloji inkişaf baxımından həmyaşıdlarından geri qalırlar. Odur ki, valideynlər əsaslı səbəblər olmadığı təqdirdə, övladlarının məktəbə qəbulunu ləngitməsinlər”, - deyə məlumatda bildirib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəb   Təhsil   Sinif  





Xəbər lenti